ABŞ generalı Ukraynada davam edən müharibənin həlledici mərhələyə yaxınlaşdığını deyib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ generalı, Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Maylinin fikrincə, qarşıdakı həftələr Ukraynadakı müharibənin nəticəsi baxımından həyati əhəmiyyət daşıyacaq.
Maylinin bu fikirlərinin Rusiyanın Donbasda hücum aktivliyini artırdığı vaxtda açıqlanması diqqəti xüsusilə cəlb edir. Digər tərəfdən, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Qərbin ölkəsinə ağır silahların, əsasən də, Reaktiv Yaylım Atəşi Sistemlərinin (RYAS) göndərilməsini yubatmasına sərt təpki göstərməsi deyəsən, nəticəsini verməkdədir.
Belə ki, Almaniya və bir sıra dövlətlər artıq Ukraynaya ehtiyacı olan RYAS-ların göndərilməsi barədə qərar qəbul ediblər. Almaniyadan göndəriləcək ağır silahların artıq iyunun sonlarında Ukrayna ordusunun sərəncamında olacağı bildirilir. Bu isə hələ ki müdafiə döyüşləri və qismən, əks-hücum əməliyyatlarına üstünlük verən Ukraynanın hərbi imkanlarını xeyli artıracaq.
O baxımdan, general Maylinin bu açıqlamasını Ukraynanın lehinə verilən real proqnoz kimi dəyərləndirmək mümkündür.
www.yenicag.az