Ukraynada yaralanan sürücümüz Samir Tahirovun səhhətində irəliləyiş müşahidə edilir.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasının (ABADA) mətbuat xidmətinin rhəbəri Ruslan Eldaroğlu Yenicag.az-a açıqlamasında məlumat verib.
O bildirib ki, Samir Tahirovun həkim komissiyasının qərarından sonra ölkəyə göndərilməsi gözlənilir:
“Samir 28 fevral tarixində Ukraynanın Xarkov şəhərində baş verən toqquşmalar zamanı ağır güllə yarası alıb. Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib.
S.Tahirov iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib.
18 mart 2022-ci il tarixində humanitar koridordan yararlanaraq Samir Tahirov xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdiriən Samir əlavə iki cərrahi əməliyyat keçirib.
Həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq Samir Tahirov 01.04.2022-ci il tarixində təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə nəql edilib. Yaralı sürücümüz Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində Samir Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra ölkəyə göndərilməsi gözlənilir.
Qeyd edim ki, sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyası (ABADA) tərəfindən qarşılanıb”.
www.yenicag.az