Ulu Öndər Heydər Əliyev Çində anıldı-Foto
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın dahi oğlu, görkəmli dövlət xadiminə həsr olunan müxtəlif kitablardan ibarət sərgiyə baxıblar.
Ümummilli lider Heydər Əliyevin nəhəng siyasi fəaliyyətini, müasir Azərbaycanın qurulması yolundakı misilsiz xidmətlərini, Ulu Öndərin xarici ölkələrə, o cümlədən Çinə səfərləri zamanı keçirdiyi görüşləri əks etdirən kitablar böyük marağa səbəb olub.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən şərəfli həyat yolu barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, ölkəmizdə sabitliyin bərqərar olması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Diplomat əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, dünyada ölkəmizin nüfuzunun xeyli yüksəldiyini diqqətə çatdırıb.
L.Qəndilov Ulu Öndərin Azərbaycan gənclərinin yüksək səviyyədə təhsil almalarına göstərdiyi diqqətdən, hələ sovet dövründə gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərildiklərindən danışıb, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri hazırda dünyanın, o cümlədən Çinin aparıcı universitetlərində təhsil alaraq ölkəmizin inkişafına töhfələr verirlər.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunan sənədli film nümayiş etdirilib.