“Vətəndaşların sosial vəziyyəti ağırlaşıb, yeni dəstək proqramı qəbul olunmalıdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri həftəsonu küçəyə çıxış qadağasının yaratdığı vəziyyətə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.
Natiq Cəfərli qeyd edib ki, həftəsonu qadağası insanların psixoloji durumuna neqativ təsir edir və bunun ağır fəsadları ola bilər:
“Gələn həftəsonu 31-34 dərəcə isti və küləksiz hava gözlənilir. Bu havada insanları evlərə doldurmaq olmaz. Çünki bu addım siyasi, sosioloji, psixoloji və tibbi cəhətdən ziyanlıdır.
D vitamini virusa mənfi təsir edən amildir, bizə həmin vitamini Günəş verir. Həftəsonu böyük “Mall”ları, hətta qapalı məkanlarda yerləşən kafe, restoranları (açıq havada işləyə bilərlər), qeyri-ərzaq dükanlarını bağlamaq olar, amma insanları evə qapatmaq olmaz.
Bunun ciddi fəsadları yarana bilər. Yaxşısı budur ki, öz üzərimizə düşən məsuliyyəti dərk edək – maska taxaq, sosial məsafəni qoruyaq, əlcək taxaq, cəm halda bir yerə toplaşmayaq. Hökumət də öz işini doğru görsün – elm adamlarını toplasın, açıq müzakirələr təşkil eləsin, ağıllı və düşünülmüş qərarlar qəbul etsin”.
Natiq Cəfərli bildirib ki, karantin rejimi fonunda iqtisadiyyata da ciddi ziyan dəyir:
“Bu vəziyyətin fəsadları hələ azı bir il çəkəcək, ona görə də kiçik və orta sahibkarlara ciddi dəstək paketi lazımdır. Vətəndaşların sosial vəziyyəti ağırlaşıb, yeni dəstək proqramı qəbul olunmalıdır.
Neftin 40 dollar olması süni xarakterlidir, əsas problemlər hələ həll edilməyib. Azərbaycan gündəlik neft hasilatını 164 min barrel azaltmalıdır və artıq azalma var. Deməli, bizi çox mürəkkəb iqtisadi il, hətta illər gözləyir”.
Gülşən Şərif
www.yenicag.az