“Unutsaq, unudularıq” adlı tədbir keçirilib-Tiflis
Gürcüstan paytaxtında fəaliyyət göstərən Tiflis Beynəlxalq Akademiyasında “Borçalı İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilən “Unutsaq, unudularıq!” adlı anım mərasimi keçirilib.
Yenicag apa-ya istinadən bildirir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, akademiyanın professor və müəllim heyəti, azərbaycanlı və gürcü ziyalılar, Gürcüstan ali məktəblərinin tələbələri və jurnalistlər iştirak edib. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan “Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov 20 Yanvar faciəsindən 25 il ötməsinə baxmayaraq hələ də bu faciənin ağrı və dəhşətləri Azərbaycan xalqının qəlbindən silinmədiyini bildirib. Anım mərasimində Gürcüstan Texniki Universitetinin professoru, filologiya elmləri doktoru Quram Quvanitadze, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti, tarixçi- professor Quram Marxulia və başqaları çıxış ediblər. Natiqlər Azərbaycan və gürcü xalqının eyni taleyə malik olduğunu, ölkələrimizin müstəqillik yolunda qurbanlar verdiyini, hər iki ölkədə faciə və qırğınlar törədildiyini bildiriblər. Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.