Uşaqlar sosial şəbəkələrdə təhlükədə: "Ciddi nəzarət mexanizmi tətbiq edilməlidir"
Sosial şəbəkələrdə uşaqlar üçün zərərli məzmunların qarşısını almaq məqsədilə süni intellekt əsaslı daxili moderatorluq sistemləri və ciddi yaş verifikasiyası tətbiq edilməlidir.
Yenicag.az xəbər verir ki, bunu texnologiya mütəxəssisi Elvin Abbasov sosial şəbəkələrin uşaqların psixoloji və mənəvi inkişafına mənfi təsirlərini şərh edərkən bildirib.
Mütəxəssis qeyd edib ki, hazırda sosial platformalarda mövcud olan yaş məhdudiyyətləri yalnız formal xarakter daşıyır və bu, ciddi boşluqdur:
“Qanunvericilikdə yalnız bəyanata əsaslanan deyil, qabaqcıl texnologiyalara və biometrik göstəricilərə söykənən “Rəqəmsal Yaş Verifikasiyası” sistemlərinin tətbiqi məcburi hala gətirilməlidir. Beynəlxalq platformaların uşaqların onlayn mühafizəsi standartlarına (COPPA, GDPR Kids və s.) tabe olması üçün hüquqi tənzimləmələr gücləndirilməlidir”.
Elvin Abbasov Azərbaycan dilində olan kontentin analizi üçün qlobal media nəhəngləri ilə dövlət səviyyəsində əməkdaşlığın vacibliyinə diqqət çəkib:
“Süni intellekt əsaslı daxili moderatorluq sistemləri təşkil edilməlidir. Xüsusilə Azərbaycan dilindəki zərərli skriptlər və kiber-zorakılıq (bullinq) elementləri real vaxt rejimində təsbit edilərək dərhal platformalardan kənarlaşdırılmalıdır”.
Mütəxəssis təhsil sistemindəki islahatların zəruriliyini də vurğulayıb: “Məktəblərdə rəqəmsal savadlılıq dərsləri kiber-gigiyena, fərdi məlumatların qorunması və sosial mühəndislik fırıldaqlarına qarşı profilaktikanı əhatə etməlidir. Valideynlərin texnoloji biliklərinin artırılması və “Valideyn Nəzarəti” (Parental Control) proqramlarından istifadə qaydalarının aşılanması məktəb-valideyn-dövlət üçbucağında vahid bir ekosistemin yaradılmasını qaçılmaz edir”.
Nurlan Cəfəri













