Uşaqları qatilə çevirən OYUNLAR: Türkiyənin məşhur psixoloqundan valideynlərə ÇAĞIRIŞ
Aprelin 14-də Türkiyənin Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş şəhərlərində məktəblərə edilən silahlı hücumlar bütün ölkəni sarsıtdı.
Qəhrəmanmaraşda məktəbə hücum nəticəsində 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, 20 nəfəri yaralayıb, daha sonra isə intihar edib. Şanlıurfada isə bir şagird 16 nəfəri yaraladıqdan sonra həyatına son qoyub. Bundan əlavə, Zonquldağda məktəbə hücumla bağlı təhdid mesajları yayan lisey şagirdi saxlanılıb. Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət şiddət tərkibli “PUBG” oyununun aludəçisi olub. Mütəxəssislər bu növ oyunların, xüsusilə azyaşlılar tərəfindən nəzarətsiz oynanılmasının böyük risk daşıdığını bildirirlər.
Türkiyədə baş verən bu hadisələr fonunda paytaxt Bakıda orta məktəblərin birində şagirdlər arasında baş verən insident də ağır xəsarətlə nəticələnib. Doqquzuncu sinif şagirdlərindən birinin həmyaşıdının üzərinə spirt tökərək alışqanla yandırması xəbəri cəmiyyətdə şok effekti yaradıb.
Baş verən bu dəhşətli hadisələr “Uşaqları şiddət psixologiyasına sürükləyən səbəblər nələrdir? Niyə onlar münaqişələri məhz şiddət göstərməklə həll etməyə çalışırlar?” suallarını gündəmə gətirib.
Psixoloqların qənaətinə görə, sosial şəbəkələrin həyatımıza sürətlə daxil olması və uşaqların internet istifadəsinə ailələr tərəfindən məhdudiyyət qoyulmaması belə hadisələrin artmasına səbəb olur.
Yenicag.az xəbər verir ki, Türkiyənin məşhur klinik psixoloqu Mustafa Səbri Şahin bu cür faciəli hadisələrin qarşısının alınması üçün çıxış yollarını göstərib:

“Ata-ana olaraq Qəhrəmanmaraş və Şanlıurfada yaşananlardan sonra hiss etdiyimiz gərginlik, narahatlıq və uşaqlarımızı qoruma instinkti ilə yaranan hüzursuzluq son dərəcə insani və normal haldır”, – deyən psixoloq valideynlərə çağırış edib.
O, uşaqların dünyasını sakitləşdirmək üçün ekran və oyun məzmunu ilə bağlı vacib məqamları sadalayıb:
Xəbər və sosial medianı məhdudlaşdırın: Zorakılıq və təşviş ehtiva edən görüntülər uşaqlardakı qayğını dərinləşdirir. Əvvəlcə öz ekran istifadənizi tənzimləyərək uşağınız üçün sakit bir mühit yarada bilərsiniz. Oyun seçiminə diqqət edin: Münaqişə və qorxu mövzulu oyunlar yerinə, bu dövrdə daha sakit və təhlükəsiz oyunlara üstünlük verin. Ekran müddətini azaldın, ünsiyyəti artırın: Uzunmüddətli ekran istifadəsi zehni hadisələrin içində həbs edir. Bunun əvəzinə birlikdə vaxt keçirmək, oyun oynamaq və ya sadəcə söhbət etmək uşaq üçün çox önəmlidir. Sizin mehribanlığınız heç bir rəqəmsal məzmunun verə bilməyəcəyi təhlükəsizlik hissini təmin edir.
“Unutmayın ki, uşaqlarınızın qarşılaşdığı məzmunlar onların dünyanı necə qavradıqlarını və özlərini nə dərəcədə güvəndə hiss etdiklərini formalaşdırır. Bu prosesdə tək deyilsiniz; həm öz qayğılarınız, həm də uşağınız üçün bir mütəxəssisdən dəstək ala biləcəyinizi unutmayın”, – deyə psixoloq vurğulayıb.
Cəvahir













