Uşaqpulu və büdcə problemi: "Vəsaitlər səmərəli və hesabatlı xərclənərsə,..."
“Uşaqpulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq”.
Yenicag.az xəbər verir ki, bunu uşaqpulunun yenidən bərpasının ehtimal olunan mümkün təsirlərini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.
İqtisadçıya görə, uşaq pulu 18 yaşa qədər olan bütün uşaqlara deyil, məhz maddi durumu aşağı olan ailələrin uşaqları üçün verilə bilər:
“Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi çox asandır, dünya təcrübəsində bunun çox örnəkləri var. Azərbaycanda isə uşaqpulunun məbləği ailənin gəlirləri ilə ailədə hər bir üzvün yaşayışının gerçək dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər. Əgər hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaqpulu 2,7 milyon uşağa deyil, yerdə qalan 1,9 milyona verilməlidir. Belə olanda da tələb olunan məbləğ 3,3 milyard manat deyil, 2,28 milyard manat olur.
Uşaqpulunun verilməsi üçün büdcənin problemi maliyyə təminatında deyil, onun xərclənməsindədir. Əgər büdcə şəffaflığına əməl olunarsa, vəsaitlər səmərəli və hesabatlı xərclənərsə və dövlət sifarişləri açıq tenderlər vasitəsilə rəqabətli icra olunarsa, onda hər fiskal ildə büdcəyə milyardlarla qənaət etmək olar. Digər tərəfdən, uşaqpulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Nəticədə dövlət uşaqpulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini geriyə qaytaracaq”.
Qubad İbadoğlu qeyd edib ki, uşaqpulunun maliyyələşdirilməsi və idarə edilməsi üçün Uşaq Fondunun yaradılmasına və onun maliyyə mənbələrinin şaxələndirilməsinə ehtiyac var:
“Burada manipulyasiya, korrupsiya əməlləri yalnız pis idarəçilikdən qaynaqlanır. Büdcə, Neft Fondu və şirkətlərdən ayırmalar hesabına Fondun vəsaiti yetərincə təmin oluna bilər. Ümumilikdə büdcənin səmərəsiz xərclərdən azad edilməsi, azad iqtisadi münasibətlər və sərbəst təşəbbüslər üçün şərait yaradılarsa, bu halda heç kim uşaqpulu davası etməz”.
Gülşən Şərif