Paşinyanı təhqir etməyi özünə peşə bilənlər var – Azər Həsrət
“Bizim jurnalistlər arasında Paşinyanı təhqir etməyi özünə peşə bilənlər var”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesində medianın mümkün fəaliyyət istiqamətindən danışıb.
Siyasi şərhçi bildirib ki, jurnalistlər qızışdırıcı, münasibətləri poza biləcək paylaşımlardan, yazılardan və materiallardan mümkün qədər uzaq durmalıdırlar.
“Ermənistan mediasını da izləyirəm və təəssüflə qeyd etməliyəm ki, orada çox zaman Azərbaycanı bəzən aşağılamağa yönəlmiş fikirlərə yer verilir. Həmçinin artıq qapanmış Qarabağ məsələsini gündəmdə saxlamağa çalışırlar. Əlbəttə ki, media bunu etməklə sülh prosesinə əslində zərbə vurmuş olur.
Azərbaycan mediasından, yəni özümüzdən danışmaq lazımdır. Müəyyən hallarda bizim jurnalistlər arasında da ermənilər haqqında danışarkən “düşmən” sözünü işlətmək, ağır ifadələrdən istifadə etmək, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanı təhqir etməyi özünə peşə bilənlər var. Xüsusilə sosial mediada bu cür paylaşımlara çox rast gəlinir. Əlbəttə ki, bu, heç bir tərəfə xeyir gətirmir”.
Azər Həsrət qeyd edib ki, biz qalibik və bunu bütün dünya qəbul edir:
“Bununla yanaşı Paşinyanın timsalında Ermənistan dövləti və hakimiyyəti də bu reallıqla barışıb, bizim qələbəmizi qəbul edib. Belə şəraitdə biz ritorikamızı bir qədər yumşaltmalıyıq. Qalib xalq kimi alicənablıq göstərməyi, barış əlini uzatmağı bacarmalıyıq. Dövlətimiz bunu edir. Prezident İlham Əliyev də Ermənistanla münasibətlərdə tam təmkinli davranır, hörmətlə yanaşır.
Medyamız da eyni istiqamətdə hərəkət etməlidir. Yəni media olaraq sülhə töhfə verməyin yollarını axtarıb tapmalıyıq. Bunu Ermənistan mediası ilə birgə etsək daha məqsədəuyğun olar. Düşünürəm ki, bu yaxınlarda ekspert qrupunun İrəvana səfəri və orada birgə müzakirələrin aparılması kimi təşəbbüslərin davamı olaraq media nümayəndələrinin də bu cür təmaslarını başlatmaq və mümkün qədər sürətləndirmək lazımdır.
Belə görüşləri həm Ermənistanda, həm Azərbaycanda, sonrakı mərhələdə isə Qarabağda keçirmək olar. Bu, həm ermənilər, həm də bizim üçün rahat olar. Biz də orada onlarla birgə müzakirələr apararıq.
Bir sözlə, elə addımlar atılmalıdır ki, bu addımlar bizi sülhə daha möhkəm bağlasın, aramızdakı qanlı münaqişə səhifəsini isə bir dəfəlik bağlasın”,- deyə o bildirib.
Nəsimi Ələsgərli












