Rusiyanın müharibədə növbəti HƏDƏFİ BU ŞƏHƏRLƏRDİR
“Ruslar üçün əsas istiqamət Xarkov və Odessa olacaq”.
Bu sözləri Rusiyanın Pokrovsku işğal etmək üçün atdığı addımlar və bundan sonra rusların hədəfinə çevrilə biləcək istiqamətləri Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanı dənizsiz qoymaq niyyətindədir:
“Rusiya üçün boş ərazilər hədəf deyil. Rusiya üçün əsas hədəf həm infrastrukturun qurulduğu, təbii sərvətlərlə zəngin və logistika üçün əlverişli olan şəhərlərdir. Pokrovsk uğrunda ağır döyüşlər gedir. Bu şəhəri saxlamaq o qədər də asan deyil. Bundan sonra Rusiya Xarkov və Odessanı ələ keçirmək üçün addımlar atacaqlar.
Rusiya rəsmiləri də dəfələrlə deyiblər ki, Xarkov və Odessa rus şəhərləridir. Odessa liman şəhəridir. Rusiya oranı götürməklə Ukraynanın dənizə çıxışının qarşısını almaq istəyir. Xarkovda isə ruslar çox yaşayır, həm də ora təbii sərvətlərlə zəngindir. Ona görə də, Rusiya Xarkov və Odessaya yönələcək. Bunu bacaracaqlar ya yox sual altındadır. Ancaq bunu istəyəcəklər. Rusiya bilir ki, Ukraynanın dənizə çıxışı olsa, NATO-nun ayağını Ukraynadan kəsə bilməyəcək”.
Səxavət Məmməd












