Köçəryan yenidən AKTİVLƏŞDİ: Rusiya son təsir vasitələrini İŞƏ SALIR
“Ermənistanın sabiq prezidenti Robert Köçəryanın parlament seçkiləri ərəfəsində siyasi aktivlik göstərməsi təsadüfi deyil. Rusiya sözügedən ölkədə son təsir vasitələrini də işə salır”.
Bu fikirləri siyasi şərhçi Cavanşir Abbaslı Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, rəsmi Kreml bununla Ermənistanın Baş naziri Nikol Paşinyana təzyiq göstərməyə çalışır:
“Düşünürəm ki, qarşıdakı aylar Ermənistanın Baş naziri Nikol Paşinyan üçün çətin keçəcək. Köçəryan oğlunu da siyasi proseslərdə aktivləşdirib. Bunun əsas səbəblərindən biri onun özünün uğur qazanmaq ehtimalının az olmasıdır. Belə olan halda, o, oğlunu özünə alternativ kimi hazırlaya bilər. Hər bir halda, müxalifətin seçkilərə ciddi təsir göstərə biləcəyini düşünmürəm. Paşinyan 44 günlük Vətən müharibəsindən sonrakı seçkilərdə belə xalqın etimadını qazandısa, hesab edirəm ki, indi də uğur əldə edə biləcək. Amma qarşıdakı aylarda vəziyyətin dəyişməsi mümkündür. Revanşist və müxalif qüvvələrin xalq arasında nüfuzu 25-30 faizdən çox deyil. Rusiya da anlayır ki, Ermənistanda Paşinyana təzyiq göstərə biləcəyi başqa siyasi fiqur yoxdur. Düşünürəm ki, seçkilər yaxınlaşdıqca Paşinyanla rəsmi Moskva ortaq məxrəcə gələ bilər. Əgər bu baş verməsə, Rusiya təzyiqləri maksimum səviyyəyə çatdıracaq. Lakin bu, Paşinyanın devrilməsi üçün kifayət etməyəcək”.
Məlik Məlikov












