“Ukraynaya göstərilən dəstək deyildiyi kimi verilsə, hazırlaşdırılan üç korpus döyüş meydanına göndərilsə, Rusiya qüvvələrinə sarsıdıcı zərbələr vurulsa və ruslar geri çəkilsə, hansısa sülhün anonsundan danışmaq olar”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər, müharibənin gedişatı və mümkün nəticəsi haqda danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, müharibənin yaxın zamanda dayanması gözlənilmir:
“Cəmiyyətləri aktivliyinə görə üç yerə bölmək olar. Əsas aktiv hissə beş faiz təşkil edir. Otuz-qırx faiz hissə isə yarım aktivddir. Yerdə qalan hissə isə hər şeyə laqeyddir. Məsələ ondadır ki, Rusiyanın aktiv hissəsi ya həbsdədir, ya xaricə gedib, ya da susdurulub. Rusiyada kütləni ayağa qaldıra biləcək qüvvələr yoxdur. Çünki böyük dövlət aparatı var. Əvvəllər Putini indiki addımları atmasından çəkindirən amillər bunlar idi. Aktiv hissə olmadığı üçün Putin hakimiyyəti narkomanı “mal”a öyrətdiyi kimi, Rusiya cəmiyyətinə müharibəni, radikal qərarları öyrədə bilib. Putinin bu cür danışmasının səbəbi onun arxayınlığıdır. Nə onun ətrafı, nə xalqı, nə də ordusu ona qarşı çıxmayacaq.
Putinin Ukrayna ilə bağlı müəyyən şərtləri var. Təbii ki, Ukrayna rəhbərliyində heç bir siyasətçi o şərtləri qəbul etməz. Ukraynaya dəstək var, Ukrayna xalqı da israrlıdır ki, qırılsa da, şərəflə qırılsın.
Müharibənin ilk aylarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyilə qarşılıqlı kompramisə gəlmək şansları var idi. Hardasa Ukrayna rəhbərliyi bunlara getməyə razılaşırdı. Zelenskiyə müxalif olan qüvvələr və əsasən, ordu komandanları qəti fikir ortaya qoydular ki, Rusiyaya güzəştə getməyəcəklər.
ABŞ Prezidentinin gəlib Kiyevdə gəzməsi, Ukraynaya axıra qədər dəstək verəcəklərini deməsi onu göstərir ki, Ukrayna dövlətinin və xalqının geri çəkilmək niyyəti olmayacaq. Təbii ki, bunun qarşısında da Putin geriyə çəkilməyəcəyini bəyan etdi.
Müşahidəçilər Rusiyanın daxili potensialını düzgün hesablaya bilməyiblər. Rusiya olduqca böyük ölkədir, onun son dərəcə zəngin ehtiyatları var. Mal dövriyyəsini düzgün hesablaya bilmədiklərinə görə Rusiya çətinliklə də olsa, ayaqda qala, rublun məzənnəsini saxlaya, əlində olan ressursları müxtəlif vasitələrlə xaricə çıxara bilir. Rusiyanın arsenalında olan silahlar müasir olmasa belə, çox böyük saydadır və dağıdıcı gücə malikdir. Rusiya silah istehsalına müəyyən şəkildə nail ola bilir, başqa ölkələrdən də alır.
Yaxın zamanda döyüşlərin qurtaracağını gözləmək olmaz. Ukraynaya göstərilən dəstək deyildiyi kimi verilsə, hazırlaşdırılan üç korpus döyüş meydanına göndərilsə, Rusiya qüvvələrinə sarsıdıcı zərbələr vurulsa və ruslar geri çəkilsə, hansısa sülhün anonsundan danışmaq olar. İndiki halda tərəflər bir-birinə güc gələ bilmir. Döyüşlər yalnız mövqe döyüşləri səviyyəsində davam edir. Döyüşlərin yaxın aylarda durdurulacağını gözləmirəm”.
Səxavət Məmməd
www.yenicag.az