Uzayda SƏSSİZ MÜHARİBƏ: Çin "Starlink"-i sıradan çıxarmağa hazırlaşır!
Çin ABŞ-ın qlobal peyk internet şəbəkəsi “Starlink”-i hədəfə alaraq hərbi əks-tədbirləri işə salıb.
Yenicag.az xəbər verir ki,Pekin hakimiyyəti, SpaceX-ə məxsus bu sistemin hərbi məqsədlərlə istifadə edildiyi iddiası ilə lazer silahlarından “qatil peyklərə” qədər uzanan yeni müdafiə planlarını gündəmə gətirib.
Associated Press-in məlumatına görə, Çinli alimlər və hərbi strateglər Starlink şəbəkəsini sıradan çıxarmaq üçün əməliyyat imkanlarını genişləndirirlər. Çin mənbələri ABŞ-ın bu peyk sistemini “ikili istifadəli” bir texnologiya kimi Ukrayna-Rusiya müharibəsində tətbiq etməsinin ciddi narahatlıq doğurduğunu bildirir.
Çinin hazırda üzərində işlədiyi tədbirlər arasında yüksək enerjili lazer silahları xüsusi diqqət çəkir. Quru və sualtı platformalardan atıla bilən bu sistemlər birbaşa Starlink peyklərini hədəfə almaq üçün nəzərdə tutulub. Bundan başqa, ion mühərrikli “qatil peyklər” də hazırlanır. Bu peyklər “Starlink” terminallarına fiziki müdaxilə etmək və onları sıradan çıxarmaq üçün dizayn edilir.
“Starlink” peyklərinin günəş panellərini sıradan çıxarmaq üçün kimyəvi aşındırıcı maddələrdən istifadənin də gündəmdə olduğu qeyd olunur.
Açıq mənbələrə görə, Çin optik teleskoplarla “Starlink” peyklərinin orbitdəki mövqelərini izləmək üçün infrastrukturunu gücləndirir. 2023-cü ildə Çin Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən yayımlanan akademik araşdırmada “güclü müdafiə və hücum imkanlarının inkişaf etdirilməsi” çağırışı edilib.
Hazırda alçaq Yer orbitində (LEO) yerləşən 8 min peykin üçdə ikisi Starlink-ə məxsusdur və şəbəkə 140 ölkədə fəaliyyət göstərir. Çin isə rəqib olaraq Guowang və Qianfan adlı milli peyk internet layihələrini inkişaf etdirməyə çalışır. Lakin bu sistemlər hələ ilkin mərhələdədir və təqribən 100 peyk buraxılıb. Gələcəkdə isə bu sayın 15 minə çatdırılması planlaşdırılır.
Pekin 2025-ci ilin aprelində Mach 20 sürətinə çata bilən hipersəs silahlarının sınaqdan keçirildiyini açıqlayıb. Ekspertlərə görə, bu silahlar qlobal hədəflərlə yanaşı, Starlink kimi peyk sistemlərinə qarşı da istifadə edilə bilər.
Məsimə Məmmədova