Xəbər verdiyimiz ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun və oğlu Seymur Talıbovun adları yoxdur.
Yenicag.az-ın məlumatına görə, Vasif Talıbovun deputat seçildiyi 7 saylı Aralıq seçki dairəsi indi 7 saylı Xanlıqlar seçki dairəsidir. Bu dairə üzrə bir nəfər YAP-ın üzvü, iki nəfər isə bitərəf olaraq namizədliyini irəli sürüb. YAP-ın namizədi Naxçıvan Müəllimlər İnstitutunun rektoru Novruzov Azad Sevindik oğludur. Digər namizədlər isə Şərur Günəş Elektrik Stansiyasının sahə müdiri Qənbərov Sadıq Ceyhun oğlu və Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Sadıqov Əliqulu Yühənnas oğludur.
Seymur Talıbovun deputat olduğu 25 saylı Naxçıvan şəhər seçki dairəsindən YAP-ın iki üzvünün namizədliyi qeydə alınıb. Bunlar Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Məmmədova Xumar Şəmsi qızı və Mahmudov Ceyhun İlham oğludur. C.Mahmudov işsizdir. Adıçəkilən dairədən iki bitərəf namizəddən biri sahibkar Bağırlı Nurlan Mehman oğlu, digəri isə fərdi təsərrüfatı olan Məmmədov İlkin Kamal oğludur.
Qeyd edək ki, bu gündən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təşviqat kampaniyası başlanılıb./unikal
www.yenicag.az