Vaşinqton Fələstini TANIYACAQ? – “Xüsusilə Donald Trampın bu istiqamətdə addım atması...”
“ABŞ-nin yaxın zamanda Fələstini müstəqil dövlət kimi tanıması da gözlənilmir. Xüsusilə Donald Trampın bu istiqamətdə addım atması ehtimalı yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, ABŞ-nin Yaxın Şərqdə münaqişənin həlli üçün Fələstinin tanınması ehtimalından danışıb.
Analitik bildirib ki, Fələstin dövləti 1988-ci ilin noyabrında elan olunub və bu günə qədər onu BMT-yə üzv olan 193 dövlətdən 148-i tanıyıb:
“Lakin bu tanınma onun tam formalaşması üçün kifayət etmir. Çünki Fələstinin ərazisinin böyük hissəsi hələ də İsrailin nəzarəti altındadır. Üstəlik, ABŞ Fələstin dövlətini tanımayıb və BMT Təhlükəsizlik Şurasında onunla bağlı keçirilən müzakirələrdə daim əleyhinə mövqe tutub. Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında müəyyən fikir ayrılıqlarının olması mümkündür. Bu, qeyri-adi hal deyil. Eyni fikir ayrılıqları vaxtilə Baydenlə Netanyahu arasında da yaşanmışdı. Məsələn, Bayden uzun müddət Netanyahunu İranı bombalamamaq üçün razı salmağa çalışıb və onu bu niyyətdən çəkindirməyə nail olub. Hazırda da oxşar proseslər davam edir. Bununla belə İsrail 1992-ci ildən ABŞ-nin strateji müttəfiqidir. Bu isə kifayət qədər önəmli siyasi və hərbi statusdur”.
Onun sözlərinə görə, müqayisə üçün qeyd etmək olar ki, Moldova və Ukrayna uzun illərdir bu statusa nail olmağa çalışsalar da, hələ də ABŞ-nin NATO-dan kənar müttəfiqləri sırasına daxil ola bilməyiblər:
“Maraqlıdır ki, bir sıra ərəb dövlətləri isə artıq həmin siyahıya daxildirlər. ABŞ ilə İsraili bir-birinə bağlayan çoxsaylı strateji, hərbi və siyasi maraqlar mövcuddur. Bundan əlavə, İsrail lobbisinin ABŞ-nin ştatlarında və ümumilikdə dünya siyasətində sahib olduğu təsir gücü də nəzərə alınmalıdır. Bu səbəbdən, ABŞ ilə İsrail münasibətlərinin ciddi şəkildə pozulması real görünmür. Həmçinin ABŞ-nin yaxın zamanda Fələstini müstəqil dövlət kimi tanıması da gözlənilmir. Xüsusilə Donald Trampın bu istiqamətdə addım atması ehtimalı yoxdur. Mətbuatda yayılan belə bəyanatlardan sonra ABŞ-nin İsraildəki səfiri rəsmi şəkildə açıqlama verərək, bu iddiaların yalan olduğunu və ABŞ-nin Fələstini tanımaq fikrində olmadığını bəyan etmişdi”.
Nəsimi Ələsgərli