“Vəfa” Sosial İctimai Birliyi növbəti xeyriyyə tədbirini keçirdi
Ötən gün “Vəfa” Sosial İctimai Birliyinin təşkilatçılığı ilə 6 imkansız ailənin övladı üçün sünnət mərasimi keçirilib. Mərasim “Niaqara” şadlıq sarayında baş tutub.
“Vəfa” Sosial İctimai Birliyinin keçirdiyi xeyriyyə tədbirində tanınmış şəxslər də iştirak edib. Onlar arasında millət vəkili Adil Əliyev, Çingiz Qənizadə, Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed Əl-Haq, Fələstin dövlətinin Azərbaycandakı konsulu, o cümlədən QHT təmsilçiləri, media nümayəndələri və sünnət olunan uşaqların ailələri vardı.
Xeyriyyə tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsilə başlayıb. Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial İctimai Birliyinin təsisçisi Vəfa Əsədova mərasimdə iştirak edən hər kəsi salamlayıb. O belə bir tədbirin keçirilməsinin mahiyyəti barədə öncə məlumat verərək qeyd edbi ki, rəhbərlik etdiyi təşkilat imkansız ailələrin vəziyyəti ilə daim maraqlanır: “Həmin ailələrin sosial vəziyyətini araşdırdıqdan sonra belə qərara gəldik ki, onların övladları üçün sünnət mərasimi keçirək. Övladları sünnət olunacaq uşaqların ailələrin sosial durumu olduqca ağırdır. O uşaqların bəzisinin atası rəhmətə gedib, qalanlarının da ataları sağ olsa da, sağlıq durumları normal deyil. O cür ailələrə dəstəl olmaq bizim vətəndaşlıq borcumuzdur. Bu işdə bizə təşkilatımızın üzvləri dəstək oldu. Sünnət olunacaq uşaqlardan ən kiçiyi 3 aylıqdır, böyüyünün isə 7 yaşı yaşı var”.
Xeyriyyə tədbirində iştirak edən millət vəkili Adil Əliyev “Vəfa” Sosial İctimai Birliyinin təsisçisinə və rəhbəri Fatimə Hacıbəyliyə təşəkkür edərək bildirib ki, onlar bu işi görməklə maddi vəziyyəti ağır olan ailələrə dayaq olublar: “Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq aztəminatlı ailələrin övladlarının sünnət mərasiminin keçirilməsi təqdirəlayiqdir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Sünnət olunacaq körpələrə can sağlığı, xoşbəxtlik arzulayıram. Valideynlərini isə bu münasibətlə təbrik edirəm”.
Millət vəkili Çingiz Qənizadə isə çıxışında bu cür xeyriyyə tədbirlərin sayının çox olmasını arzulayıb və Birliyə belə bir savab iş gördüyü üçün təşəkkür edib.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd edib ki, təşkilat bu tip xeyriyyə işlərii görməkdə davam edəcək: “Uşaqların sünnət mərasimi Əjdər Məlikov adına 6 saylı şəhər xəstəxanasında baş tutacaq. 6 gözəl bala sünnət olunacaq. Uşaqları sünnət edəcək həkim Oruc Şəfiyevdir. Biz ona da öz təşəkkürümüzü bildiririk ki, bu işdə bizə dəstək oldu”.
Qeyd edək ki, xeyriyyə tədbirində fiziki məhdudiyyətli Aybəniz Nəsirovanın əl işlərindən ibarət sərgi də təşkil olunub.
Yenicag.az