Vəsiyyətin Zəfərə çevrildiyi GÜNLƏR: Ulu Öndərin xatirəsi dövlətin sütunlarında YAŞAYIR
“Ulu Öndər Heydər Əliyevin vəsiyyət etdiyi bütün məsələlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Qeyd edək ki, sabah Ulu Öndər Heydər Əliyevin 102-ci doğum günüdür. Heydər Əliyevin doğum günü respublika səviyyəsində hər il qeyd edilir.
Müsahibimiz N. Həmzəyev isə Heydər Əliyev haqqında öz səmimi fikirlərini bizimlə bölüşüb:
“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və banisidir. Ümummilli lider həyatını Azərbaycana həsr etmiş dahi bir şəxsdir və hər bir azərbaycanlının qəlbində onun xüsusi yeri var. Bu gün var olmağımız, müstəqil Azərbaycan kimi yaşaya bildiyimiz üçün məhz Ulu Öndər siyasətinə borcluyuq. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları da Heydər Əliyevin Azərbaycan millətçiliyi, Azərbaycan dövlətçiliyi uğrunda apardığı xidmətlərin qarşılığında onun xatirəsini hər zaman əbədi tutur. Şükürlər olsun ki, Heydər Əliyevin arzuladığı, vəsiyyət etdiyi bütün məsələlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılıb. Bu gün Azərbaycan işğal altında olan torpaqlarını azad edə bilib və Azərbaycan öz suverenliyini tam olaraq bərpa edə bilib”.
“Allahdan Ulu Öndərə rəhmət diləyirik. O, cismən bizim aramızda olmasa da, ruhən bizimlədir. Onun ruhu şaddır və mən inanıram ki, Azərbaycan günü gündən daha da güclənəcək. Azərbaycan var olduqca, Ulu Öndərin xatirəsi həmişə yad ediləcək. Tək Azərbaycan sərhədləri çərçivəsində deyil, Azərbaycanın hüdudlarından kənarda da Heydər Əliyev həmişə yad edilir və daima yad ediləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Yenicag.az