"Vətəndaş sağlam məhsulun pulunu ödəyir" – Onlayn alış-verişdə hüquqlarımızı necə qoruyaq?
Onlayn platformalar üzərindən edilən alış-verişlər zamanı istehlakçı hüquqları və çatdırılma prosesində məsuliyyət məsələləri gündəmdə qalmaqda davam edir.
Mövzu barədə Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşların onlayn platformalardan, xüsusilə tətbiqlər üzərindən məhsul alarkən daşınma, çatdırılma və müvafiq prosedurlar haqqında əvvəlcədən məlumat almaq hüququ var:
“Birinci növbədə, vətəndaşlarımız onlayn platformalardan məhsul sifariş edərkən mütləq qaydada məhsulun daşınması, çatdırılması və bununla əlaqədar digər prosedurlar barədə öncədən məlumatlandırılmalıdırlar”.
Hüquqşünasın sözlərinə görə, satıcılar da məhsulun göndərilmə qaydası və istifadə olunan kuryer xidmətləri barədə alıcını məlumatlandırmaq öhdəliyi daşıyırlar:
“Satıcılar məhsulun öz kuryerləri, yoxsa özəl kuryer şirkətləri vasitəsilə göndərildiyini bildirməli, mümkün bütün risklərlə bağlı tərəfi qabaqcadan məlumatlandırmalıdırlar”.
R. Süleymanov qeyd edib ki, bəzi hallarda zədələnmiş və ya xarab olmuş məhsula görə məsuliyyətin alıcının üzərinə qoyulması hüquqi baxımdan əsassızdır:
“Bir çox hallarda xarab olmuş və ya zərər görmüş məhsula görə məsuliyyəti vətəndaşın üzərinə atmağa çalışırlar. Lakin bu, qətiyyən belə deyil. Çünki vətəndaş sağlam məhsul üçün ödəniş edir və onun marağı məhsulun salamat şəkildə çatdırılmasıdır”.
Ekspertin fikrincə, bu prosesdə əsas hüquqi münasibətlər satıcı ilə kuryer və ya platforma ilə kuryer arasında tənzimlənir, alıcının məsuliyyəti isə məhduddur:
“Nəticə etibarilə, bu, satıcı ilə kuryer və ya platforma ilə kuryer arasında tənzimlənən münasibətdir. Buna görə də alıcının hər hansı hüquqi məsuliyyəti yoxdur. Alıcı yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəalarına uyğun olaraq, məhsulu təhvil aldığına dair müvafiq sənədləşmə icra edildikdən sonra məsuliyyət daşıyır”.
R. Süleymanov həmçinin vurğulayıb ki, məhsul qəbul edildikdən sonra belə, qüsurlar müəyyən müddət ərzində aşkar edilərsə, bu barədə satıcıya məlumat vermək istehlakçının qanuni hüququdur.
Samir Məcidov













