Deyir, torpaqdan gəlib, torpağa gedəcəyik. Doğulursan, səndən soruşmurlar, istəyirsən, ya yox. Olursan vətəndaş. Vətən nağılı eşidirsən, vətən şeiri oxuyursan, vətən mahnısına qulaq asırsan. Heç özünü tanımamış deyirlər, vətəni qoru, keşiyində dur. Hər şey vətən üçün, hər şey vətən naminə. Sevirsənsə, vətənpərvər, sevmirsənsə, vətən xaini olursan.
Vətən adı altında yaxşı alver edirsən, əl çalırlar, “vətənpərvər” deyib, başa keçirirlər. Tənqid edirsən, ələ salırlar, olursan başı daşlı. Tərifləyəndə, yaxşı vətəndaş, “harda aş, orda baş” biri olursan. Həyat keçir, yaş üstünə yaş gəlir, artıq heç kimə lazım deyilsən, olursan ayaq-baş, bir çala, üstünə daş, torpaq, beton, başdaş…
Gözlə görülməyən, əllə tutulmayan bir məhfumla idarə olunursan. Onun üçün öləndə o dünyada mükafatlanırsan, çox öldürəndə, bu dünyada. Allah da elədir, dövlət də. Sanki hamısının konsepsiyasını eyni “mərkəz” işləyib. Hamısı idarə etmək üçündür. Başqa da heç nə…
Atalarımz deyib, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bu ata sözünə nədənsə çox duyğusal yanaşırlar. Ancaq görünən odur ki, nəinki indi, ta yüz illərdir bu bölgə, bu region belə olub. Qərib dediyin ölkədə elə rahat olursan, insan kimi yaşayırsan, gəzirsən, əylənirsən. Deyir, torpaq çəkir. Ölüm gələndə də çəkir ki, gəl canını tapşır.
Tək-tük atalar sözündəndir ki, coğrafiyamızın mahiyyətini ortaya qoyur. Ölməli işlər hamının olur… İnsan oğlunun ən sevdiyi şey həyatını çətinləşdirməkdir. Yaşayır, yaradır, tikir. Niyə yaşayır, nə üçün yaradır, özü də anlamır. Min bir əziyyətlə tikdiklərinin içərisində hansı yadların yaşayacağını düşünmür. Hələ söyüş yiyəsi də olur…
Bəzi adamlar həyatlarında ən azı bir dəfə, bəziləri ara-sıra, bəziləri isə günaşırı “bu ölkəyə, bu şəhərə, bu kəndə daş qoyanın”la başlayan gözəlləmələr deyir. Dünyanın ən böyük pafosları da vətənlə bağlıdır. O necə vətəndir ki, hamı onu qorumağa borcludur, ölüb-öldürməyə can atmalıdır, ancaq onun sərvətlərindən bərabər faydalana bilmir.
Bu yaxınlarda Ağdama gedib müharibədən əvvəl haradan o tərəfə baxırdımsa, yenə eyni yerdən o tərəflərə baxdım. Ora hələ də “o tərəflər”dir. Kimin tərəfləridir bilmirəm, amma onu dəqiq bilirəm ki, bizim tərəflər deyil. Bir yaxşı cəhəti var, o tərəfə əvvəl keçsəydin, birdəfəlik “yatırdın”, indi keçsən, sutkalıq.
Vətən, sən Allah, necə anlayışsan ki, səni qoruyanlar, keşiyini çəkənlər, düşməndən xilas edənlər sənə kənardan baxmağa məcburdur? Necə məfhumsan ki, bu yolda sağlamlığını itirən pensiya hayında, şəhid ailəsi isə jurnalistlər binasından ev almaq davasındadır. Niyə ancaq sənin uğrunda əlini zərrə qədər kirlətməyənləri varlandırıb yaşadırsan?
Kişi kimi düzünü de, sən necə dəyərsən ki, bağ-bağatına biri yiyələlənib, otuna başqası sahib çıxıb, suyuna digəri əl qoyub, heyvanını bir başqası mənimsəyib? Onlar da üstündə illik, mövsümlük torpaq alıb, başlarını girələyir? Görürəm, çox sərvətini gizlədirsən. Gizlətməyi belə bacarırsansa, turac, qırqovul ovuna gələnlərdən o zavallı quşları gizlə. Nə bilim, bəlkə də sənə belə xoşdur…
Müasirləşirsən, Vətən. İncimə, qəribə xüsusiyyətlərin əmələ gəlib. Azad olunanda qaçdıq sənə – Yusifcanlı kəndinə. Neçə yerdə qarşıma mina çıxardın. Qoymadın evimizin yerinə qədər irəliləyəm. Yayda gəldim, bu dəfə minadan əlavə ilanları üstümə saldın. Əcəb elədin. Bəs 70 hektarını Əfətlidən filankəs, başçı, rəis, kənddən də bəhmənkəs, daha kimlər əkəndə, onların yoluna niyə mina çıxarmadın?
Qəsəbəmizin bulağını “qurutmusan”, ancaq dövlətin “fırlatdığı” motor quyuna sallananda, nə tez su verdin? Deyirəm də, müasirləşmisən, Qərb kimi ikili standartların da üzə çıxır. Qımışırsan? Onsuz da səndən ağlım bir şey kəsmirdi. O gün vətən üçün burnunun ucu göynəyən birini qeydiyyata almağa gəliblərmiş. “Kəndinizə gedəcəksinizmi” sualına dərhal “Əlbəttə” (!) cavabını verib.
Ardınca deyiblər ki, bəs sizə cəmi 6 sot həyətyanı torpaq sahəsi veriləcək. Qayıdıb soruşanda ki “Bəs pay torpağı?” “O nəzərdə tutulmayıb, həmin ərazilər şirkətlərin istifadəsinə veriləcək” cavabını alıb. Vətən üçün burnunun ucu göynəyən o adam dözməyib, “Durun rədd olun qapımdan, sizin də, şirkətlərin də, becərəcəklərinizin də…”, – deyərək gələnləri qovub.
Ölkənin hər qarışına vətən deyirik. Yalana bax! Qarabağdakı hər qarışı mənimsəmək üçün dörd gözlə gözləyirik, ancaq Kürdəmirin, Zərdabın, Ucarın, Ağcəbədinin şoranlaşmış torpaqlarına gözümüzün ucu ilə də baxmırıq. Vətəni işğal edən, viran qoyan, bu vətənə yad olan, gəlmə olan erməniyə “getmə” deyirdik, gedənləri də su, ya şirniyyatla yola salırdıq. Sözümü kəsmə, iradını da özünə saxla, siyasət olduğunu mən də bilirəm…
Vətənin öz doğma sakinlərinə gözümüzü ağardırıq, maneələrlə qarşılayırıq. Mina? Bu ermənilər də çox qəribə tayfadır ha, minanı qazanc gələn yerlərə yox, “xeyirsiz” ərazilərə basdırıblar. Kasıbın vətənin minalayıblar, varlının vətəninə heç yaxın da düşməyiblər. Əxlaqsızlar! Vətəni müqəddəsləşdiririk. Ancaq həqiqət budur ki, Vətən onu sevənlər üçün yox, istifadə etməyi bacaranlar üçün müqəddəsdir. Vətənlə söhbətdən belə başa düşdüm ki, onu sevənləri “qoynuna” alır, ondan istifadə etməyi bacaranları isə ucaldır.
Ah, Vətən…
Səxavət Məmməd