ANTEC Academy İT təlim və tədris mərkəzi VPN proqramlarının təhlükəsi ilə bağlı maraqlı açıqlama yayıb.
Yenicag.az xəbər verir ki, açıqlamada deyilir: “Həm cəmiyyət, həm də fərd olaraq informasiya təhlükəsizliyimizin qeydinə qalmamız olduqca vacibdir.
Bu mənada, xüsusilə həssas dönəmlərdə hər birimiz təhlükəsizlik məsələlərinə ciddi önəm verməli, diqqətli olmalıyıq.
Unutmaq olmaz ki, informasiya mübadiləsində məlumatların rəqib tərəfin əlinə keçməsi həm də milli təhlükəsizlik məsələsidir. Bu səbəbdən VPN-lər ciddi təhlükə mənbəyidir.
1. Güvənlik siyasəti: VPN xidmətləri məlumatlarınızı toplamaq, saxlamaq və hətta paylaşmaqla bağlı hüquqi prosedurlara tabe olmaya bilərlər. Bu isə məlumatlarınızın ələ keçirilməsi ilə nəticələnməsi deməkdir. Sizə aid olan yazışmalar, bilgilər, şəxsi məlumatlar qarşı tərəfə başqa serverlər tərəfindən ötürüldüyü üçün datalarınız asanlıqla oğurlana bilər.
2. Zərərli proqramlar: VPN xidmətləri internetdə fəaliyyət göstərən zərərli proqramlar və viruslar üçün potensial hədəfdir. VPN təhlükəszilik tədbirlərinə dayanıqlı deyil. Bu isə onun kənar müdaxilələrə, kiber hücumlara açıq olduğunu göstərir.
3. Hüquqi məsələlər: Bir çox VPN xidmətlərinin ofis və serverlərinin hansı ölkədə yerləşməsi barədə məlumat verilmir və ya bu məlumat ümumiyyətlə mövcud deyil. Bu isə məlumatların mühafizəsini və hüquqi qoruma altında olmasını mümkünsüz edir”.
www.yenicag.az