Vuçiç istefaya GEDİR? – Qərbin Serbiyadakı arzusu İFŞA OLDU
“Keçən il Serbiyada noyabrın 1-də Novi Sad stansiyasında bir binanın beton örtüyünün uçması nəticəsində 14 nəfər həlak olmuşdu. Həmin vaxt həmin bina və stansiya 3-4 aydır ki, istifadəyə verilmişdi, yəni təmirdən yeni çıxmışdı və nəticədə insanların narazılığına səbəb oldu. 14 nəfərin ölümü ilə bağlı hadisədən dərhal sonra Prezident Aleksandr Vuçiçin istefası ilə bağlı çağırışlar eşidilməyə başladı”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O, Rusiya mətbuatının Qərbin Ukraynada olduğu kimi, Serbiyada da “Avromaydan” hadisələrini təkrar edəcəyi ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Onun sözlərinə görə, bu hadisədən yaranan etirazlar sonradan Qərb institutları, bəzi Qərb təşkilatlarının aktiv dəstəyi ilə daha genişmiqyaslı xarakter aldı:
“Biz bu ilin mart ayının sonunda Serbiyada keçirilən etiraz aksiyalarının kütləviliyinə şahid olduq. İndi isə noyabrın 1-i – Novi Sad stansiyasında binanın uçmasının ildönümünün yaxınlaşması ərəfəsində yeni kütləvi aksiyanın keçirilməsi gözlənilir. Hətta buna hazırlıq işlərinin getdiyi barədə məlumatlar da var. Bəs bu etirazlar Vuçiç hakimiyyətinin devrilməsinə, onun istefasına səbəb ola bilərmi? Bu, əsasən, daxili vəziyyətdən asılıdır. Açıqdır ki, institutların, Avropa İttifaqı ilə kifayət qədər yaxşı münasibətləri olan və Avropa maraqlarını qorumağı prioritet edən şəxslərin hakimiyyətə gəlməsini istəyən xarici dairələr müəyyən addımlar atırlar. Etiraz aksiyalarının stimullaşdırılması, qeyri-hökumət təşkilatları vasitəsilə təşkilatlanma və s. bu istiqamətdə həyata keçirilir”.
O, söyləyib ki, oxşar ssenarini Gürcüstanda da görmüşük:
“Orada daxildə hakimiyyətin möhkəm olması və böyük kütlələrin müxalifətin arxasınca getməməsi hakimiyyəti qorudu. İndi Serbiyada da eyni sual aktualdır. Əgər hakimiyyət xalq içərisində mövqelərini güclü saxlayacaqsa və xalq tərəfindən dəstək davam edəcəksə, bu cür aksiyaların və təşəbbüslərin ciddi nəticəsi olmayacaq. Əksinə, əgər daxildə hakimiyyətə qarşı geniş narazılıq varsa və bu çoxluq təşkil edirsə, təşkilatlanmış etirazlar nəticəsində etirazçıların sayında artım müşahidə oluna bilər ki, bu da hakimiyyət üçün əlavə problem yaradacaq”.
R. Bayramov əmindir ki, keçən il bəzi dairələr referendum keçirilməsi ideyasına da reaksiyalar göstərmişdilər:
“Bu, hakimiyyətə göstərilən təzyiqin bir başqa ifadəsidir. Kütləvi aksiyalar, adətən, birbaşa silahlı yolu nəzərdə tutmur, daha çox təzyiq vasitəsidir. Hakimiyyət bu təzyiqlərə nə qədər tab gətirəcək? Bunu zaman göstərəcək. Yenə də vurğulayıram: xarici faktorların rolu nə qədər böyük olursa-olsun, ən qərarverici amil daxildə xalqın hakimiyyətə olan dəstəyidir. Əgər Rusiya və ya başqa xarici güclərin təzyiqlərinə qarşı xalqın içərisindən dəstək davam edərsə, hakimiyyət möhkəm qala bilər; əks halda isə seçki, referendum və ya digər vasitələrlə hakimiyyətdən kənarlaşdırılma riski arta bilər”.
Rafi Müslümov