!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vüsalə Mahirqızı: “APA-nın olmaması təkcə ölkənin media məkanını eynullalardan asılı etmir...”

!Reklam – Yazi

“APA Holding”ə aid olan saytlar 02.08.2018-ci il tarixdən etibarən fəaliyyətini dayandırıb.

“APA Holding”ə aid saytların prezident İlham Əliyevin çıxışını səhv yazdığı üçün bağlandığı deyilsə də, Holdinqin rəhbəri Vüsalə Mahirqızı özünün şəxsi “facebook” hesabında “Müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, deyə açıqlama yaymışdı.

Vüsalə Mahirqızı açıqlamasında hər nə qədər saytların şirkətin özü tərəfindən bağlanıldığını desə də, məsələnin qaranlıq tərəfləri olduğu hiss edilirdi.

“APA Holding”in rəhbəri baş verən proseslərlə bağlı özünün şəxsi “facebook” hesabından geniş açıqlama yayımlayıb. Açıqlamada deyilir:

“APA Holdinqin üzərində böyük oyunlar qurulduğunu bilirdim. Amma bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür eləmirdim, açığı. Görünür, mənim səbrim və sükunətim əsəblərini dözdürmədi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında APA-nın səhvə, hətta kobud hesab ediləcək səhvə yol verməsi bu şirkət üzərində oyunlar oynayanlara fürsət verdi.

Məsələnin mahiyyətində əslində nə dayanır: APA bütün mətnləri Azərbaycan dilində hazırlayır. Əməkdaşımız Ramiz Cürənov (Mikayıloğu) Prezidentin məlum çıxışını AzTV-nin saat 17:00 buraxılışından yazıb. Burada yalnız bir məqsəd olub, məlumatı operativ şəkildə yazmaq və yaymaq. Ramiz illərdir ki, Prezidentin tədbirlərini işıqlandırmaq üçün ezam olunub və heç vaxt səhvə yol vermədən bu işi görüb.

Çıxış Azərbaycan dilində yazılıb və yanlış olaraq “Ermənistan daha da sarsıdılacaq” ifadəsinin əvəzinə “Ermənistan çökdürüləcək” ifadəsi yer alıb. Rus dilinə tərcümədə isə ifadə “Ermənistan diz üstə çökdürüləcək” kimi kobud tərcümə xətası ilə tərcümə edilib.

Online media ilə məşğul olan hər kəs bilir ki, gün ərzində 700-800 xəbərin istehsal olunduğu yerdə belə xətalar ola bilir. Buna nə qədər bəraət qazandırmaq mümkünsüz olsa da, təəssüf ki, səhvlərdən qaçmaq olmur.

Dövlət agentliyində və Prezidentin rəsmi saytında həmin çıxışın mətni yayılan kimi bizim əməkdaşlar dərhal APA-dakı mətnləri bir qayda olaraq onlarla müqayisə edirlər. Mətnlər müqayisə olunub və ifadə səhvi görülən kimi dərhal dəyişdirilib.

Lakin məndən fərqli olaraq rusdilli Eynulla Fətullayev Prezidentin nitqindən yanlış yazılmış və çox kobud səslənən həmin ifadəni saytının başlığında yerləşdirib və Prezident Administrasiyasının müdaxiləsi olmayana kimi də dəyişdirməyib. Hətta dərhal yazının içində APA-dan olan “screen-shot” da peyda olub. Azərbaycanda yüzlərlə sayt, televiziya, agentlik, qəzet APA-nın minlərlə xəbərinə istinad edib, kim indiyə qədər “screen-shot” bazası yığıb?!

Prezidentin mətbuat xidmətinin rəhbəri mənə zəng edəndə artıq APA-da bu yanlış düzəldilmişdi. Lakin mən dərhal Azər Qasımova bildirdim ki, biz buna görə Prezidentdən də, oxuculardan da üzr istəyəcəyik və üzr istədik.

Bu hadisədən dərhal sonra şirkət saytları dayandırıb, bunun təxribat olub-olmadığı araşdırılır.

Lakin görünən odur ki, paralel araşdırmanı da Eynulla Fətullayev yəqin ki, özündən daha çox sifariş aldıqları ilə bir yerdə aparıb və APA-nın bir daha fəaliyyət göstərməməsi üçün “dəlillər” tapıb. Hətta bu dəlillər əlində hazır olduğu üçün hər dəfə mənə “canıyananlıqla” zəng edəndə “APA-nın kitabı bağlandı” fikrini əminliklə deyirdi”.

APA bağlanan kimi dərhal bu şirkətdə çalışmış şəxslərin sosial şəbəkə dosyelərinin araşdırılmasına başlanıldığını bildirən Vüsalə Mahirqızı qeyd edib ki, APA-da işləyənlərin bir qismi vaxtilə aktiv müxalif fəaliyyəti olmuş, digərləri isə müstəqil jurnalistlərdir:

“Bunun belə olduğu kimə sirr idi ki? İkincisi, müstəqil media orqanı orada hansısa müxalif fikirli jurnalistin işləməsinə görə niyə şantaj olunmalıdır ki? APA və ya Vüsalə Mahirqızı sosial şəbəkədə 187 əməkdaşının nə yazdığını, necə yazdığını güdməlidir? Hələ mən o tərəfini demirəm ki, Eynullanın bizim üçün “komplo” hesab etdiyi şəxslər xeyli vaxtdır ki, APA Holdinqdə işləmirlər.

Eynullanın “Real”çı dediyi Şahin Cəfərli bu il iyul ayının 10-dan bəri “APA Holding”də çalışmır. Özü də siyasi təyinatı doğru yazmaq lazımdır, Şahin mövqe etibarilə müsavatçıdır, amma bildiyim qədərilə o partiyanın da üzvü olmayıb. Şahinin illərdir ki, sosial şəbəkədə yazdığı statuslar Azərbaycan saytlarında, televizyalarında yayılır, o verilişlərə dəvət olunur. Lakin son vaxtlar daha çox analitik kimi fəaliyyət göstərdiyi və bunun şirkətin maraqları ilə üst-üstə düşmədiyi üçün öz ərizəsi ilə işdən ayrılıb. Bunu mən Eynulla Fətullayevdən əvvəl ona bu yazını hazırlatdıranlara da demişəm.

Fuad Qulubəyli isə heç vaxt APA-nın ştat əməkdaşı olmayıb, həmişə Avropa Şurasında bizimlə əməkdaşlıq edib. Lakin azı bir ildir ki, o, APA ilə belə əməkdaşlıq etmir. Konkret AŞ PA-nın sonuncu sessiyasında APA-nın London müxbiri Aytən Abbaslı Strasburqa ezam olunub, orada işləyib və bütün reportajlarda imzası yayımlanıb. Növbəti sessiyadan azı iki ay keçib.

Mən başa düşürəm, araşdırmalar müsbət nəticə verir, xüsusi, “dişə vurulası” nəsə tapıla bilmir. Allah heç kimi APA-nın keçmiş əməkdaşlarının “facebook” statuslarının ümidinə qalacaq qədər aciz duruma düşürməsin.

Oysa ki, APA-nın əməkdaşları “milyarderlər ittifaqı” yaradıb, birbaşa Prezidentin əleyhinə işləyən Abbas Abbasovun, Telman İsmayılovun çağırışı və maliyyəsi ilə “biznes klass”larda sifarişli səfərlərə gedib, onlarla içki süfrəsinə oturmurlar. Halbuki bir jurnalistə bu yaraşar, bir media rəhbərinə isə əsla və əsla”.

APA-nın fəaliyyətinə qısa toxunan Holdinq rəhbəri bunları qeyd edib:

“APA Azərbaycanın ən böyük informasiya yayıcısı idi, burada 187 nəfər çalışırdı. Azərbaycan informasiya məkanında təminatın 70-80 faizini bu media şirkəti edirdi. Sosial şəbəkələrin Azərbaycan seqmentində 1 milyona qədər istifadəçisi olan səhifələrdə xəbər yayımı ilə məşğul idi. APA-nın olmaması təkcə ölkənin media məkanını deyil, həm də ictimai-siyasi sferasının xəbər təminatını, ölkədə fikir formalaşdırmaq cəhdini eynullalardan asılı edir. Və ən mühüm cəhət, mən APA-nı heç vaxt məmur davalarının poliqonuna çevirmədim. APA heç vaxt heç kimin kürəyindən bıçaq saplamaq üçün istifadə edilmədi, heç vaxt heç kimin qırmızı xəttini keçmədi.

O ki qaldı mənə. Mən Dövlətə, Millətə və Prezidentə hər zaman sadiq olmuşam. Bunu sübut edəcək işim, yaratdığım layihələr, tam 20 illik media fəaliyyətim ortadadır. Bundan artıq nəsə demək istəmirəm”.

Eynulla Fətullayevin ittihamlarına gəldikdə isə Vüsalə Mahirqızı bunları deyib:

“Eynullaya “həmkar” olaraq nəsə yazmaq istəyirəmmi, əlbəttə yox! Amma məni və APA-nı ona şərlədənlərə deyəcəyim bircə kəlmə var: məni ləkələyəcək adam Eynulla deyil! Heç olmasa, seçəndə iradəsi, yolu, siyasi əxlaqı özümə tən olan birini seçərdiniz. Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!”.

Sonda isə Vüsalə Mahirqızı qeyd edib ki, bu açıqlama APA-nın bir daha fəaliyyətini bərpa etməyəcəyi barədə yazı da hesab oluna bilər: “Mən bulanıq sularda balıq tutmuram heç vaxt!”

COP29

www.yenicag.az

6752
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv