WizzAir yenə AZAL-ı suçladı
“WizzAir aviaşirkəti Bakıya uçuşlarını bu şəhərin hava limanı birtərəfli şəkildə bizimlə müqavilənin müddəalarını dəyişdirdikdən sonra dayandırıb. Şirkət nə Azərbaycanda, nə də başqa bir yerdə tələb olunan xidmət haqqlarını ödəməkdən imtina edib”.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, Macarıstanın WizzAir lou-kost aviaşirkətinin mətbuat xidmətindən AZAL-ın vitse-prezidenti Arif Məmmədovun “Azərbaycan Hava Yollarının” WizzAir-a heç bir maneçilik törətmədiyi və lou-kost şirkətinin Azərbaycan bazarını özü tərk etdiyi ilə bağlı fikirlərini şərh edərək bildiriblər.
Macar şirkətindən, həmçinin bildirilib ki, WizzAir xidmətlə bağlı qərarları bir sıra amillərə əsaslanaraq qəbul edir. Bundan başqa, aviaşirkət bildirib ki, 2015-ci ildə Bakıya uçuşlar bərpa olunmayacaq, çünki şirkətin bu il üçün iş qrafiki artıq müəyyən edilib: “Lakin şirkət bu məsələ ilə bağlı istənilən yeni təklifini nəzərdən keçirməyə hazırdır. Əgər hava limanı rüsumları azaltsa və uzunmüddətli sazişlə bizə Azərbaycana ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə, bu barədə əvvəlcədən xəbər veriləcək”.