Xalq artisti doğum günündə KÖVRƏLDİ: “Kaş sağ olaydı”
“Kaş ustadım Adil İsgəndərov və dünyasını dəyişən dostlarım sağ olaydı, yanımda olaydı və mənimlə bərabər şad günümü qeyd edəydik”.
Bunu tanınmış rejissor və aktyor, Xalq artisti Əbdül Mahmudbəyov doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.
O, şanslı insan olduğu üçün Allaha minnətdarlığını ifadə edib:
“Deyir, dayağı xalq olanını başı göylərə dəyər. Mənə olan bu qədər sevginin qabağında yaşımın artan rəqəmləri nə edə bilər? Amma çox kövrəyəm, yanımda görmədiyim dostlarıma görə. Kaş yanımda olaydılar, onlarla dərdləşəydim, danışmağa o qədər sözüm var ki…
Taledən çox şanslı doğulmuşam, naxışlı insanam. Buna görə də Allahıma minnətdaram. Birincisi, ona görə ki, sənət aləmində Adil İsgəndərov kimi ustadım olub. Gözəl ailəm, övladlarım var. Bu gün də kino üçün yaşayıram, Azərbaycan kinosunun yaşaması üçün çaba göstərirəm. Kinostudiyanın bərpa olunması üçün əlimdən gələni edirəm, amma hələ ki nəticə əldə olunmayıb. O günü görmək ən böyük arzumdur”.
Cəvahir