!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən doğum günündə ETİRAF: “Yeddi dəfə ölüb-dirilmişəm”

!Reklam – Yazi

“Kinoda 38 insanın taleyini canlandırmışam. O qədər taleyi yaşamaq asan deyil. Təkcə elə “Yeddi oğul istərəm” filmində azı 7 dəfə ölüb-dirilmişəm…”

Bu fikirləri bu gün doğum günü olan tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov Yenicag.az-la təəssüratlarını bölüşərkən deyib.

O, doğum gününü qeyd etməyəcəyini deyib:

“Dostlarımın çoxu rayonlarda istirahətdədir, onlarsız doğum günümü qeyd etmək nəyimə lazımdır?! Əhval-ruhiyyəm də o deyil. Səhhətimdəki problemlər də bir yandan…”

O, film çəkilişlərində dəfələrlə ölümdən döndüyünü bildirib:

“Kinoda Murad, Cəlal, Şahbaz və digər gözəl obrazlar yaratmışam. Özümlə ən çox Murad arasında bənzərlik görmüşəm. Amma onlara heç vaxt fərq qoymamışam. Ustadım Ədil İsəndərov deyirdi ki, obrazlar əlinizin barmaqları kimidir, onları heç vaxt bir-birindən ayırmayın. Bu sözü həmişə yadımda saxlamışam. Hər dəfə filmə çəkiləndə uzun müddət o obrazların təsirindən çıxa bilməmişəm. Dəfələrlə filmlərdə ölüb-dirilmişəm. “Yeddi oğul istərəm” filmində bir neçə dəfə ölümdən dönmüşəm. Güllələndiyim səhnədə az qala başım daşa dəyəcəkdi. Qollarımı bağlayıb atın üstündə Bəxtiyarın yanına göndərildiyim səhnə çəkiləndə at məni götürüb apardı. Əllərim bağlı olduğu üçün heç bir reaksiya verə bilmədim. Bir onda gördüm ki, kameranı atıb, hamı mənim dalımca qaçır ki, xilas etsinlər. İşıqçı Akif olmasaydı, at məni qarşıdakı uçuruma atacaqdı. Cəlalın ölüm səhnəsindən sonra bir həftə özümə gələ bilmədim. Elə bilirdim, həqiqətən, Cəlalam. Aktyor üçün ən böyük xoşbəxtlik də elə budur ki, neçə insanın taleyini filmlərdə əbədiləşdirir. Bu obrazlar hamısı taleyimə yazılan ən böyük hədiyyələrdir”.

Aktyor ürəyində qalan, amma gerçəkləşməyən arzularından da danışıb:

“Arzuladığım, amma oynamadığım elə bir rol yoxdur. Amma çəkmək istədiyim iki film olub. Biri “Qaçaq Kərəm”, digəri də Şeyx Əbdüllə birgə çəkməyə hazırlaşdığımız “Şah İsmayıl” filmi. Heç birinin çəkilməsinə nail ola bilmədim. Sponsor tapılmadı. Şeyxin də ürəyində qaldı bu arzu, mənim də…”

Cəvahir

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv