Xalq artistindən estetik əməliyyatlara MÜNASİBƏT: “Hamısı bir-birinə oxşayır”
“Dünyada da bir çox məşhur aktrisalar estetik əməliyyatlardan istifadə edirlər. Amma onlar bunu elə xırda toxunuşlar edirlər ki, özləri özlərinə oxşayır”.
Bunu Yenicag.az-a açıqlamasında tannımış aktrisa, Xalq artisti Səidə Quliyeva plastik-estetik əməliyyatlarla bağlı sualımızı cavablandırarkən deyib.
Aktrisa əndazəni aşmamaq şərti ilə olunan estik əməliyyatlara normal yanaşdığını bildirib:
“Estetik əməliyyatlara normal baxıram. İnsan yaşa dolduqca, müəyyən əyər-əskiklərini yığışdırmalıdır. Ehtiyac yarandığı halda, belə əməliyyatların olunması normaldır. Dünyada da bir çox məşhur aktrisalar estetik əməliyyatlardan istifadə edirlər. Amma onlar bunu elə xırda toxunuşlarla edirlər ki, özləri özlərinə oxşayır. Allahın verdiyi gözəllik insanın simasında qalmalıdır. Bacarırsan, bunu qoru; bunu da qorumaq üçün də insan gərək daxilən gözəl olsun, ətrafındakılara xoş münasibət bəsləsin.
Bəzən gənc yaşında əməliyyat etdirirlər və hətta əndazəni də aşırlar. Bunun əleyhinəyəm. İnsanın öz siması qalmalıdır. Xüsusən son vaxtlar dəb halını alan bədənşəkilləndirmə əməliyyatına qarşıyam. Çünki sonradan bunu fəsadları da ortaya çıxır. Sözün düzü, bizim sahədə bədənşəkilləndirmə etdirən aktrisa da tanımıram. Bu, daha çox müğənnilər arasında olur. Onlar da özləri bilər, onların şəxsi istəyinə qarışmağa ixtiyarım da yoxdur. Sadəcə olaraq tövsiyə edə bilərəm ki, əndazəni aşmamaq şərti ilə etdirsinlər, özlərini eybəcər formaya salmasınlar. Bir də bilmirəm, bunlar eyni cərrah əlindən çıxırlar, ya nədirsə, hamısı bir-birinə oxşayır. Bunun da əleyhinəyəm”.
Cəvahir