“Yəqin ki, bu gün ən vacib investisiya kinoya qoyulmalıdır. Qarabağ mövzusunda filmlər çəkilməlidir, başqa mövzuda filmlərin yeri yoxdur. Çünki informasiya müharibəsində erməniləri ötməliyik. Məqsədimiz budur”.
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva deyib.
Aktrisa ən böyük arzusunu da dilə gətirib:
“Kino böyük təbliğ və təsir gücünə malik incəsənət növüdür. Xalqın mənəvi-əxlaqi dəyərləri filmlərdə yer alır. Bu gün çalışmalıyıq ki, bir mövzumuz olsun- Qarabağ. Başqa mövzu bizə lazım deyil. Kino çəkilişləri bərpa olunandan sonra yalnız bu mövzuda filmlər çəkib, təbliğ etməliyik. Bir var müharibədə vuruşasan, bir də var informasiya müharibəsi. Bu gün bu informasiya müharibəsini birəon artırmalıyıq. İki il əvvəl Nizami Kino Mərkəzində “Xüsusi təyinatlı İbad 2” filminin təqdimatı oldu. Orada Milli qəhrəman İbad Hüseynlinin anasının obrazını canlandırdım. Zal ağzına qədər dolu idi, çünki film hamını narahat edən bir mövzudan bəhs edirdi. Səhnədə çıxış edərkən belə bir fikir səsləndirdim ki, çəkildiyim filmlərdən ən çox sevdiyim obraz “Nəsimi”dəki Fatimə idi. Bundan sonra isə İbad Hüseynlinin anasını canladırdım və bu obrazı çox sevdim. Başa düşdüm ki, bu obrazda məna yükü, millətimin, xalqımın adından çağırış var. Dedim ki, bizə yalnız bu mövzu lazımdır, başqa mövzular bizi maraqlandırmamalıdır. Şəhidlərin qarşısında baş əyirəm. Qismət olsa, bir şəhid anasının, Azərbaycan anasının obrazını yaratmaq istəyirəm. Ümumiləşmiş, simvolik bir obraz olsun. Bütün Azərbaycan anaları adından bunu qəlbən istəyirəm. Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağdır”.
Cəvahir
www.yenicag.az