Cəlilinin hakimiyyətə gəlməsi böyük etirazlara səbəb ola bilər. Çünki xalqın böyük əksəriyyəti islahat istəyir.
Bu sözləri Axar.az-a açıqlamasında güneyli jurnalist Məsud Haray İranda bu gün keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı danışarkən deyib.
Güneyli jurnalist İrana ABŞ və AB tərəfindən böyük təzyiqlər olduğunu xatırladaraq, Qərb ölkələri ilə əlaqələrin normallaşdırılmasının rejimin ömrünü uzada biləcəyini bildirib:
“Elə bu səbəbdən Pezeşkianın seçilməsi məntiqlidir. Pezeşkianın rəqibi Səid Cəlilini Rusiya və Çin dəstəkləyir. Daxildə isə Cəlili farsların çoxluq təşkil etdiyi İran vilayətlərində daha çox ön plana çıxır. Qeyri-farslar yaşayan vilayətlərdə Pezeşkian liderdir. Buna görə də Cəlilinin hakimiyyətə gəlməsi böyük etirazlara səbəb ola bilər. Çünki xalqın böyük əksəriyyəti islahat istəyir”.
O, Pezeşkianın seçkilərdə iştirakına icazə verilməsini hakimiyyətlə xalq arasında yaranan uçurumun qarşısını almaq və seçici fəallığını artırmaq üçün atılan addım kimi dəyərləndirir:
“Pezeşkian özü də qeyd edib ki, seçkilərdə iştirakının təsdiqlənməsi onun özünü də təəccübləndirib. Bu, ona işarədir ki, beş mühafizəkarın yanında bir islahatçının olması onlar üçün faydalıdır. Onun türk olması da əsas səbəblərdəndir. Hər nə qədər Pezeşkianın “mən türkəm” deməsi Xameneini qıcıqlandırsa da, hakimiyyət yaxşı bilir ki, türklər İran əhalisinin böyük əksəriyyətini təşkil edir. Bu səbəbdən Pezeşkianın seçkilərdə iştirakı seçici fəallığına bilavasitə təsir edir. Onun seçilməsi isə türklərin hakimiyyətə sadiqliyinə gətirib çıxaracaq. Xamenei məhz buna görə Pezeşkianı meydana buraxıb. O, həm özünə məşruiyyət qazandırmağı, həm də rejimin ömrünü uzatmağı düşünür”, – o bildirib.
Qeyd edək ki, bu gün İranda keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı, azərbaycanlı Məsud Pezeşkian və Xameneinin TŞ-dəki nümayəndəsi Səid Cəlili mübarizə aparır.
www.yenicag.az