Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən qaydalar xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı aşağıdakı yenilikləri əks etdirir:
1. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş kvalifikasiyalarla yanaşı, həmçinin ali təhsil pilləsinə qəbul olmaq hüququ verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək;
2. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub;
3. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək;
4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq;
5. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq;
6. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək;
7. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar;
8. Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq;
9. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.
www.yenicag.az