!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəstə erməni təxəyyülünə siyasi bəraət və dəstək verildi” – Ülvi Quliyev

!Reklam – Yazi

Yenicag.az Milli Məclisin deputatı Ülvi Quliyevdən aldığı müsahibəni diqqətinizə təqdim edir:

-Prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verdi. Müsahibənin Rusiya baş diplomatının ölkəmizə gəlişi ərəfəsində verilməsi, sizcə, təsadüfdürmü?

-Fəlsəfi qanunauyğunluğa görə,təsadüflər zərurətdən doğur.O da məlumdur ki,siyasətdə,xüsusən,böyük siyasətdə heç nə təsadüfi olmur.Dinimizdə də belədir:hər şeyin bir səbəbi,hər səbəbin bir yaradıcısı var.Prezident İlham Əliyev tarixi qələbəmizin qürurunu təkcə dövlət başçısı,təkcə Ulu Öndərimizin siyasi varisi kimi deyil,həm də ata vəsiyyətini şərəflə yerinə yetirmiş övlad olaraq yaşayır.Özünün də qeyd etdiyi kimi,bu,Prezidentin Naxçıvana 15-ci səfəri idi.Lakin ilk dəfə idi ki,səfər məhz mayın 10-da,Ümummilli Lider Heydər Əliyevin doğum günündə baş tutdu.Tarixi Zəfərdən sonra qalib dövlətin qalib Ali Baş Komandanı qismində ata-baba yurduna səfər edə bilmək haqqı hər siyasi liderə nəsib olmur. Səfərin səbəbi budur,qismət edəni Allahdır.Uca Allah yaratdığı bəndələrə,millət və xalqlara məğlubiyyəti də,qələbəni də təsadüfən nəsib etmir.Prezidentin bu müsahibəsinin Rusiya XİN rəhbərinin ölkəmizə səfər ərəfəsinə uyğun gəlməsi də qismətin nəsib etdiyi seçimdir.

-Prezident müsahibədə Zəngəzur dəhlizinin açılacağı və münaqişənin keçmişdə qalması ilə bağlı mövqeyini növbəti dəfə ifadə etdi. Lakin Ermənistanın istər hakimiyyət, istərsə də müxalifət təmsilçiləri münaqişənin bitmədiyini iddia edir, bir çoxu kommunikasiyaların əleyhinə bəyanatlar verir, bəziləri isə status məsələsindən danışırlar. Sizcə, bu, Ermənistanda seçkiöncəsi daxili auditoriyaya unvanlanmış ritorikadır, yoxsa fərqli maraqlarımızın yenidən toqquşması deməkdir?

-Məncə, hazırda Ermənistanda hakimiyyət boşluğunun doğurduğu syasi tamaşaları müşahidə edirik.Nə hakimiyyətdə olan qüvvə,əslində, real hakimiyyətə sahib deyil,nə də müxalifətdə olanlar erməni xalqının birmənalı dəstəyini qazana bilmirlər.Digər hakimiyyət qollarındakı vəziyyət də erməni cəmiyyətindəki ab-havaya tam oxşardır.Necə ki,parçalanmış erməni cəmiyyəti məğlubiyyətə görə öz içərisində günahkar axtarır və hərbi məğlubiyyətin mənəvi acısını yaşayır,eləcə də hakimiyyət qollarında “günah keçilərinin” axtarışı davam edir. Ermənistanda hakimiyyət boşluğunu doldurmağa, hakimiyyəti ələ keçirməyə cəhd edənlər isə,məğlub xalqın hissləri üzərində ən iyrənc formada manipulyasiya ilə məşğuldurlar.Çünki uzun illər ərzində erməni cəmiyyətinin zehniyyətini zəhərləyənlərdən biri də elə özləri olub.Özlərinin aşıladıqları “məğlubedilməz”, “yenilməz” və “ən güclü erməni ordusu” ilə bağlı miflər cəmi 44 gün ərzində Azərbaycan əsgəri tərəfindən darmadağın edildi.Ona görə də,Paşinyan seçicilər tərəfindən Zəngəzurdan, Köçəryan isə əsgər valideynləri tərəfindən qəbristanlıqdan qovulur.Belə bir durumda olan Ermənistan siyasətçilərinin daxili auditoriyaya ünvanlanan daha rəzil ritorikasının əks-sədasını eşidəcəyimizə şübhəm yoxdur.Əslində,Ermənistanda hökmranlıq edən hakimiyyət boşluğu erməni cəmiyyətini başıpozuqluğa,özbaşınalığa və xaosa sürükləyir.Bu,nə ölkəmizin,nə də digər region dövlətlərinin maraqlarına uyğun deyil.Ona görə ümid etmək istərdim ki, yay aylarında Ermənistanda seçkilər baş tutacaq.Budəfəki seçki həm də tam fərqli dəyərlər sistemi arasında seçim olacaq.Şübhəsiz,hansı seçimin edilməsindən asılı olmayaraq,bu,erməni cəmiyyətindəki çatları daha da dərinləşdirəcək.Orada kim hakimiyyətə gəlsə də,10 noyabr və 11 yanvar üçtərəfli Birgə Bəyanatlarda nəzərdə tutulan öhdəliklərə ya əməl etməli olacaq,ya da hakimiyyətdən getmək,yaxud devrilmək məcburiyyətində qalacaq.
Ermənistanın siyasi səhnəsində,xüsusən,bağlı qapılar asrxasında baş verənlər,gizli sövdələşmələr,əminəm ki,Prezident İlham Əliyevə daha çox və daha dəqiq məlumdur.Elə bu səbəbdən,dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı əminliyini növbəti dəfə ifadə etdi. Sualınızda qeyd etdiyiniz kimi,müsahibədə diqqəti xüsusi çəkən məqamlardan biri də münaqişənin bitməsi ilə bağlı Prezident İlham Əliyevin birmənalı mövqeyidir. Sirr deyil ki, Ermənistandakı revanşist qüvvələr və xaricdən onlara züy tutanlar indi daha tez-tez ATƏT-in Minsk qrupunun reanimasiyasından danışırlar.Üç həmsədrdən yalnız birinin-Rusiyanın dövlət başçısı bir neçə dəfə ictimai şəkildə bəyan edib ki,bu münaqişə keçmişdə qalıb.Ermənistanda və ondan kənarda münaqişənin bitmədiyini israr edənlər,Prezident İlham Əliyevin söykəndiyi sağlam məntiqdən irəli gələn reallıqla hesablaşmaq məcburiyyətindədirlər. Əks mövqedə olanlar,Prezidentimizin vurğuladığı kimi, gərək bu zaman onu da qəbul etsinlər ki,10 noyabr Bəyanatı qüvvəsini itirib.Yəni belə olan halda,ilk növbədə, Rusiya etiraf etməlidir ki,Bəyanatın altındakı imzası etibarlı olmadı, zaminlik öhdəliyini yerinə yetirə bilmədi və sülhməramlı qüvvəsini geri çəkir.Bu,Ermənistana sərf etməz. Düşünmürəm ki,Rusiyanın da maraqlarına uyğun olar.Dövlətimizin başçısı təkcə Ermənistanı və kənardan ona havadarlıq edənləri deyil,həm də öz içərimizdə 10 noyabr Bəyanatını atəşkəs protokolu ilə eyniləşdirənləri sağlam məntiqlə üz-üzə qoydu.Onlar kimi populizmə deyil,məhz məntiqə söykənərək, haqlı olaraq qeyd etdi ki, bitməmiş münaqişəni və yalnız atəşkəs rejimini ehtiva edən sənəddə qarşıdurma tərəfləri arasında kommunikasiyaların açılması nəzərdə tutula bilməzdi.Üç ölkənin Baş Nazir müavinlərindən ibarət işçi qrupunun bu istiqamətdə intensiv təmaslar qurmasına ehtiyac qalmazdı.Yeri gəlmişkən,dövlətimizin başçısı məzmun etibarı ilə eyni fikirləri Rusiyanın Xarici İşlər naziri S.Lavrovu mayın 10-da qəbul edərkən,açıq şəkildə ona da bildirdi.

– Bu sualı verməyə ehtiyac duyuram. Son vaxtlar ölkə müxalifətində təmsil olunan ənənəvi qrup yeri gəldi-gəlmədi hakimiyyəti sərt tənqid edir, bir o qalıb desinlər ki,çəkilin kənara,hakimiyyətə onlar gəlsin…Bu absurd tənqidlər,öz real imkanlarını olduğundan artıq,ölçüsüz şişirtmələr nə ilə bağlıdır?
-Bütün zamanlarda,əksər cəmiyyətlərdə “hazıra nazir olmaq” istəyən qruplar olub və indi də var.Ən böyük dərdimiz,ümummilli problemimiz-Qarabağ məsələsi Prezident İlham Əliyevin siyasi iradəsi,ordumuzun gücü hesabına həll olunub.Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa,uzun ömür versin.Ən başlıcası,Prezidentlə Xalqımızın birliyi və vəhdəti,qarşılıqlı güvənci düşmən üzərində qələbəmizi şərtləndirən həlledici amillərdəndir.Dediyiniz qrupun əlindən tənqid üçün hər zaman istifadə etdikləri Qarabağ məsələsi birdəfəlik çıxıb.Uzun illər ərzində apardıqları təbliğat ondan ibarət idi ki,guya Prezident İlham Əliyevin rəhbərliyi dövründə bir qarış torpağımız da işğaldan azad edilməyəcək.İndi qarış deyil,Qarabağ geri qaytarılıb.30 il ərzində dövlət və xalq olaraq məğlubiyyətlə barışmadıq. Bəzən populist çıxışları seyr edərkən belə təəssürat yaranır ki,zamanında məğlubiyyətlə barışmadığımız kimi,sanki,indi də içərimizdə kimlərsə qələbəmizlə barışmır,onu həzm edə bilmir.Acı olsa da,belə bir təəssürat var.Bu cür qənaətin formalaşmasına “xidmət” edənlər,indi də yayırlar ki,guya qardaş Türkiyə kimdənsə incik düşüb və guya masada yoxdur.Bilmirəm,dünya coğrafiyasında Ermənistandan savayı absurdistan adlı,yaxud zəhərli və absurd zehniyyətlərin daha çox bir yerdə toplaşdığı başqa məkan varmı? O cür məkandan gələn ziyanlı fikirləri öz içərimizdə təbliğ etmək qalib ölkəmizin siyasi səhnəsinə heç cür yaraşmır.Prezident İlham Əliyevin qəbulundan dərhal sonra,Türkiyə və Rusiya Xarici İşlər Nazirləri arasında,o cümlədən Qarabağın müzakirə edildiyi telefon danışığı oldu.Qardaş Türkiyə Rusiya üçün masada yoxdursa,Ermənistan istəsə də,istəməsə də,bu danışıqlar niyə baş tutur?! Türkiyə ilə xalqlarımız arasında tarixi bağlar hər zaman möhkəm olub,hətta Sovetlər dönəmində bu bağların istiliyini hiss etmişik.Lakin Rəcəb Tayyib Ərdoğan hakimiyyətinə qədər,Türkiyədəki heç bir hökumət Azərbaycana siyasi-mənəvi dəstəyini indiki kimi açıq şəkildə ifadə etməyib. Çünki Türkiyə müasir tarixində indiki qədər müstəqil və güclü olmayıb. Ölkələrimizin siyasi rəhbərliyi arasındakı qarşılıqlı etimad şahidi olduğumuz səviyyəyə yalnız indi yüksələ bilib. Xalqlarımız arasındakı tarixi bağlar,ortaq mənəvi dəyərlər və ümumi ənənələrimiz,din və dil birliyimiz mühüm məsələdir.Lakin bu,o demək deyil ki, tarixi köklər dövlətlərarası münasibətlərimizə bütün zamanlarda eyni səviyyədə yön verə bilib.Bunun üçün Liderlərin siyasi iradəsi və bir-birinə qarşılıqlı etibarı bugünkü səviyyədə olmalıdır.
Düşünürəm ki,indi söyləyəcəyim fikirlərlə sualınızdan kənara çıxmıram.Az-qala 30 il ərzində həmsədrlərin vasitəçiliyinin təsiri altında olduq.Amma sonunda gördük ki,Ermənistanın danışıqlar masasındakı imitasiya oyunlarına həmsədrlər nəinki göz yumur,kimsə əl-altdan,kimsə açıq şəkildə onun tərəfini tutur.Elə buna görə də, Ermənistan BMT qətnamələrini saya salmadı və onları icra etmədi.Amma həmsədrlərdən heç biri nəinki onu icraya məcbur etdi,hörmətsiz-sayğısız davranışına görə ictimai şəkildə heç qınamadı da.Prezident İlham Əliyev Rusiyanın XİN rəhbərini qəbul edərkən bildirdi ki,Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amil azərbaycanofobiyadır.30 ildən sonra şahidi olduq ki,bu illər ərzində tərəfsiz vasitəçiliyi yerinə yetirməli olan həmsədrlərin hər üçünü birləşdirən eyni məqam da mövcuddur.Onların hər üçü tarixi həqiqətləri gözardı edərək,uydurma ”erməni soyqırımını” tanımaqla eyni tərəfin-Ermənistanın yanında dayandılar,həmrəylik göstərdilər. Bu,təkcə tarixi səhv demək deyil.Bu,həm də o deməkdir ki, ədalətsiz erməni iddiasına,xəstə erməni təxəyyülünə siyasi bəraət və dəstək verildi.Sanki,onlara təlqin olunur ki,istənilən sərsəm xülya nə zamansa, kiminsə köməkliyi ilə gerçəkləşə bilər.Qondarma “erməni soyqırımında” həmrəylik göstərən həmsədrlər Xocalı soyqırımını-həqiqi soyqırımı hadisəsini isə tanımağa tələsmirlər,dillərinə belə gətirmirlər. Təəssüf ki,başqa həmrəylik nümunəsi də var.Onda da ikili yanaşmanın, ayrı-seçkiliyin əlamətlərini sezməmək mümkün deyil.10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində zərərsizləşdirilib saxlanılan erməni diversant-terror qruplaşmasının üzvlərinə münasibətdə həmsədrlər Ermənistanın haqsız və beynəlxalq hüquqa zidd olan mövqeyindən çıxış edirlər.Amma Birinci Qarabağ savaşında itkin düşmüş dörd min nəfərdən artıq həmvətənimizin hələ də qaranlıq qalan taleyinə eyni həssas münasibətin şahidi olmadıq…
Bu yaxınlarda ABŞ Konqresində çıxışı zamanı Prezident Bayden digər bəyanatlarla yanaşı,bu bəyanatı da vermişdi:”Mən görüşdüyüm bütün liderlərə həmişə deyirəm ki, heç vaxt Amerikaya qarşı seçim etməyin. Çünki, ABŞ üçün mümkünsüz heç nə yoxdur və biz həmişə istədiyimizə nail oluruq”.Prezident Putin isə müsahibələrindən birində belə demişdi: “Əgər kimsə Rusiyanı məhv etmək qərarını versə, onda cavab vermək bizim qanuni haqqımız olacaq… O dünya ki,orada Rusiya üçün yer yoxdur,belə dünya bizim nəyimizə lazımdır?!”.Prezident Makronun müharibə günlərində səsləndirdiyi və tarixi ədaləti,beynəlxalq hüququ,tərəfsiz vasitəçilik öhdəliyini heçə endirən bu bəyanatını xalqımız heç vaxt unutmayacaq:”Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”.Geosiyasi maraqları bir-biri ilə ziddiyyət təşkil edən,az-qala açıq qarşıdurmaya keçmək təhlükəsi ilə dünyanı üz-üzə qoyan bu dövlətlər bəyanatlarında fərqli dəyərləri təbliğ etsələr də,təəssüf ki,ritorikaları eynidir.Gücə,gücün təhdid və təzyiq dilinə söykənir.Kiçik xalq və dövlətlərin hüquq və haqlarının,onlara aid tarixi ədalətin harada qaldığı bilinmir,haqqa yetişmək yolunda isə dünya idarəçilyində yaranan ikili standartlar hökmranlıq edir.İndi onlara anti-Azərbaycan bəyanatları ilə Kanada,Lüksemburq da qoşulub. Bütün bunlardan sonra,populistcəsinə “ən sadə” çıxış yolu göstərənlər,bəlağətli və gəlişigözəl cümlələri yan-yana düzənlər,dediyiniz kimi,yeri gəldi-gəlmədi hakimiyyəti tənqid edənlər, guya bu reallığı görmürlər? Guya bilmirlər ki,bu cür mürəkkəb geosiyasi vəziyyətdə xalqını haqq etdiyi qələbəyə çatdırmaq üçün,təkcə uyğun məqamı seçmək bacarığı tələb olunmur,həm də həmin məqamı yetişdirmək üçün illərin zəhməti sərf olunub və siyasi iradə ortaya qoyulub! Amma inanmaq istəyirəm ki,siyasi dəst-xəttinin əsasını populizm təşkil edənlər də ölkəmizin qlobal güclərin aktiv toqquşma məkanına, Suriya,Liviya və ya İraqa çevrilməsini arzu etməzlər. Müxalifətdədirlər deyə, ”ağı da qara görənlər” etiraf etməsələr də, yaxşı bilirlər ki, müharibədən çıxmış istənilən ölkənin həyatında sosial və iqtisadi problemlər qaçılmazdır. Xüsusən,ümumbəşəri pandemiya dövründə.Bilirlər,amma müxalifətdə yerlərini qorumaq xatirinə,keçici siyasi dividendlər qazanmaq naminə bunu ictimai şəkildə etiraf etmirlər.Atalar məsəlimizdə deyildiyi kimi,sadəcə,”çax-çax baş ağrıdır,dəyirman öz işindədir”…
Prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri çərçivəsində bir sıra sosial və iqtisadi layihələrin açılışını etdi.Eyni zamanda,Naxçıvan Qarnizonu Mərkəzi Hospitalını və hərbi aerodromu istifadəyə verdi.Əgər kimsə müharibədən yenicə çıxmış bir ölkənin həyatında görülən bu işləri dəyərləndirə bilmirsə,heç bir çətinliyə baxmadan,Qarabağda artıq start verilmiş bərpa-quruculuq işlərinin tarixi əhəmiyyətini görməməzlikdən gəlirsə,inanmıram ki,arqumentlərin məntiq dili ilə onları razı sala biləsən,yaxud məntiq belələrini qane etsin…
Qədirbilən xalqımızın xüsusi dəyər verdiyi və cəmiyyətimizin gözlədiyi Prezident İlham Əliyevin Naxçıvandan verdiyi bu bəyanatdır:”Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla,ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.Əminəm ki,bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.
Seçkilərə hazırlaşan Ermənistanda siyasi dividendlər naminə revanşist ritorikanı tündləşdirənlər bilməlidirlər ki,Qafqazda dinc birgəyaşayışın,hərbi məğlubiyyətlərinin acı nəticəsini qəbul etmələrinin və üçtərəfli Bəyanatlarda nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsinin alternativi yoxdur.Daha faciəli aqibətlə üzləşməmələri üçün, Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi bu xəbərdarlığı beyinlərinə həkk etməlidirlər:”Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar.Heç kim onları müdafiə edə bilməz.Heç kimə də bel bağlamasınlar.Onlar uzun illər dırnaqarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər. Ermənistanda nə güc var,nə iradə var,nə hər hansı bir mənəvi haqq var ki,revanşist fikirlərlə yaşasın.Bu,onlar üçün özünəqəsddir…Əgər biz zərrə qədər təhlükə görsək,-zərrə qədər,-onları dərhal məhv edəcəyik.Elə yerindəcə məhv edəcəyik”.
Heç şübhəsiz,Prezidentimizin bəyanatlarını təkcə Ermənistanda izləmirlər.Sığındıqları ünvanların,erməni xalqının faciəsi üzərində öz maraqlarını təmin edən xarici dairələrin də diqqətindən bu bəyanatlar yayınmır.Onlar görürlər və bilirlər,Prezident İlham Əliyevin siyasi mövqeyi həm də ona görə sarsılmazdır ki,o,Azərbaycan xalqının iradəsini ifadə edir,bu iradəyə söykənir və dünya gücləri qarşısında xalqımızın haqqını məhz beynəlxalq-hüquq normaları əsasında müdafiə edir.Deməli,dost da,düşmən də,istəyən və istəməyən də Qələbədən sonra birliyimizin daha da möhkəmləndiyini görməli,buna şübhə üçün zərrə qədər əsas verilməməlidir.İkili standartlar qarşısında ən böyük silahımız tarixi nailiyyətimiz olan birliyimizdir.

www.yenicag.az

2500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv