Xəstə yatağında olan Şeyx Əbdül: “Canımla əlləşəndə niyə yanıma gəlmədin, Şəfiqə?!”
Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov xəstəxanadan evə buraxılıb.
Ev şəraitində müalicəsi davam edən rejissor səhhətində irəliləyiş olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, Xalq artisti üzvü olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovadan gileylənib:
“Eşitdim yazıblar ki, mən xəstəxanada olanda Rasim Balayevin yanıma gəlmədiyini deyib gileylənmişəm. Yalan söhbətdir, elə söz deməmişəm. Mən Rasimdən inciməmişəm. O da həmin ərəfədə xəstəxanada müalicə olunurdu. Rasim xəstə olmasaydı, çoxdan yanıma gələrdi. Canıyla əlləşən adamdan niyə inciməliyəm ki? Sağalım, ayağa qalxım, mən özüm Rasimin yanına gedəcəm, ona baş çəkəcəm. Allahdan ona sağlamlıq arzulayıram.
Mən Şəfiqə Məmmədovadan gözləyirdim ki, məni xəstəxanada ziyarət etsin, ya da yanıma adam göndərsin. Bu, mənim haqqım idi. Mən o İttifaqın ən yaşlı üzvüyəm və bu sözləri deməyə də haqqım çatır. Hamı ona qarşı mübarizə aparanda, üstünə gələndə mən həmişə ona dəstək olmuşam. Bunu özü də gözəl bilir. Amma xəstəxanada ölüm-dirim savaşında olanda bütün el-aləm, nazirdən tutmuş hər kəs mənimlə maraqlandı, yanıma gəldi, amma o, məni yadına salmadı, maraqlanmadı. Niyə, nə səbəbə, Şəfiqə? Mənə cavab versin, səbəbi bilmək istəyirəm”.
Cəvahir












