XİN başçısı Türkmənistan prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfər çərçivəsində prezident Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Türkmənistan prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələr arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub. Hər iki ölkənin xalqlar arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı bildirilib.

E. Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.

Ölkələr arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

COP29