Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil olan donuzların Afrika taunu, klassik taunu, qrip və vezikulyar stomatit xəstəliklərinə qarşı epizootoloji monitorinqlər keçirəcək.
Yenicag.az xəbər verir ki, aprelin 25-29-da Bakı şəhərində, Abşeron, Qax, Qəbələ, İsmayıllı, Kürdəmir, Qusar və Xaçmaz rayonlarında ailə və fermer təsərrüfatlarında saxlanan donuzlar arasında keçiriləcək monitorinqlər zamanı yuxarıda qeyd olunan xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələrin götürülməsi, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi və epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulub.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak edəcəklər.
www.yenicag.az