Yanğın 47 evi sıradan çıxarıb
ABŞ-ın Koliforniya ştatında başlayan təbii yanğınlar 47 evi sıradan çıxarıb.
Daha çox zərər görən şəhərlər Karlsbad və San-Markosdur. İlkin zərər 20 milyon dollardan artıq qiymətləndirilir. Evakuasiya edilmiş on minlərlə insanın bəzisi evlərinə dönüb.
Yanğının 85 faizinin qarşısı alınıb. Lakin hələ ciddi yanğın ocaqları söndürülməmiş qalıb. Məlumatda o da qeyd olunub ki, ən çox təhlükə yaradan Kemp-Pendlton hərbi bazasıdır. Yağınsöndürənlər hərbi hissənin yanğından qorumağa çalışırlar.
Bununla yanaşı yanğının səbəbləri də araşdırılır. Yanğının qəsdən törədildiyi də ehtimallar sırasındadır. Artıq ikisi yeniyetmə olmaqla, 3 nəfər saxlanılıb. Koliforniya Ştatının qubernatoru Cerri Braun sakinləri yanğınla ehtiyatlı davranmağa çağırıb. Yanğınların yenidən vüsət alacağı da istisna olunmur. Çünki bölgədə quraqlıq rekord həddə çatıb. Yanğınla mübarizəyə isə iki mindən çox mütəxəssis, o cümlədən mülki və hərbi aviasiya qüvvələri cəlb olunub.