Elman Nəsirov: “Ümumilli liderin dövlət təliminə çevirdiyi Azərbaycançılıq ideologiyası nəticə etibarilə Azərbaycanda yaşayan hər kəsi birləşdirib”.
Fərəc Quliyev: “Azərbaycanda bütün xalqların birgə yaşayışı dövlətin proqramı, prinsipi ilə deyil, içdən gələn sosial çağırış sayəsindədir”.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının gələcək inkişafının sağlam təməlini qoyaraq Azərbaycançılıq ideologiyasını xalqı yumruq kimi birləşdirən böyük istinada çevirdi.
Bu ideologiya hər bir azərbaycanlının dövlətçilik şüurunu inkişaf etdirən, vətəndaşşları dövlətin ətrafında birləşdirən, istər beynəlxalq, istərsə də daxili müstəvidə tək məqsəd uğrunda bir araya gətirən milli təlim statusunu qazandı.
O baxımdan, Azərbaycançılıq ideologiyasının əhəmiyyəti cəmiyyətin bütün kəsimləri tərəfindən birmənalı qəbul olunur və onun hər zaman öz aktuallığını saxlaması, birləşdirici amil kimi davamlılığının təmin edilməsi milli vəzifə hesab edilir.
Bu vacib mövzu ilə bağlı Yenicag.az-a fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, ölkədə yeni nəsil gənclər Azərbaycançılıq ideologiyasına əsaslanaraq formalaşmaqdadır. Məhz o ruhda böyüyüb-yetişən gənclər həyatlarında Qarabağı görməmələrinə rəğmən, tarix yazaraq işğal altındakı torpaqlarımızı azad etdilər:“Azərbaycançılıq ideologiyası yeni anlayış deyil. Ulu Öndər Heydər Əliyev bu ideologiyanı dövlət təliminə çevirməyi bacarıb. Azərbaycançılıq ideologiyası birləşdirici xarakter daşıyır. Hər birimizin bildiyi kimi, Azərbaycan çoxmillətli dövlətdir.
Eyni zamanda, Azərbaycanda birgə yaşayış təkcə dövlət siyasəti deyil, həm də ictimai sifarişdir. Bu ideologiya bizim gələcəyimiz, gələcəyimizin təminatı, zənginliyimizin ifadəsidir. Azərbaycanda etnoslararası gərginlik yaratmaq, etnik zəmində qarşıdurma mühiti formalaşdırmaq daim antiAzərbaycan siyasəti yürüdən qüvvələrin maraq dairəsində olub.
Azərbaycanda vətəndaş müharibəsi törətmək üçün ardıcıl cəhdlər edilib. Ancaq Ümumilli liderin dövlət təliminə çevirdiyi Azərbaycançılıq ideologiyası nəticə etibarilə Azərbaycanda yaşayan hər kəsi birləşdirib. Heydər Əliyevin “Fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri bütün azərbaycanlıları birləşdirən şüara çevrilib.
Azərbaycançılıq ideologiyası bizi bir çox təhlükələrdən qorudu. Bizi ayırmaq, parçalamaq istəyənlərin bu cəhdlərinin gerçəkləşməsinə imkan vermədi. Əlavə olaraq, Ümumilli lider dünya azərbaycanlılarının birliyinin qeyd edilməsi üçün 31 dekabr tarixini müəyyən etdi. Ona görə də, həmin tarix bu gün bizim üçün yalnız yeni il demək deyil, ilk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Həmin gün bütün dünya azərbaycanlıları öz milli kimliyini bir daha dərk edir, yumruq kimi birləşir.
İdeologiya strateji əhəmiyyət daşıyan mühüm məsələdir. Ulu Öndər Dünya Azərbaycanlılarının I Qurultayında bütün həqiqətləri söylədi və qeyd etdi ki, Azərbaycan xalqı harada olmağından asılı olmayaraq, birləşdiyi zaman bütün uğurlara imza ata bilir.
Müasir dünyada xarici ideologiyaların təbliği mühüm təxribat üsullarından biridir. Bu sahədə gənclər xüsusi olaraq hədəfə çevrilir. Belə olan vəziyyətdə dövlətimiz məhz Azərbaycançılıq ideologiyasına əsaslanaraq milli ruhda gənclər formalaşdırıb. Məhz o ruhda böyüyüb-yetişən gənclər həyatlarında Qarabağı görməmələrinə rəğmən, tarix yazaraq işğal altındakı torpaqlarımızı azad etdilər.
Bu gün Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu isə həm də düzgün gənclər siyasətinin nəticəsidir”.
Bəhs olunan mövzunu Yenicag.az-a dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib ki, Azərbaycançılıq ideologiyasının təbliği heç bir halda süni xarakter daşımır və bu, bizim ideologiyaya çevrilən yaşam tərzimizdir:“Milli arzu və istək özü də ideologiya sayılır. Azərbaycanda mövcud olan bütün xalqlar birgə, firəvan həyat sürür. Azərbaycançılıq təfəkkürünə əsaslanmağın özü təbii qoruma instiktidir. Bu gün Azərbaycanda bütün xalqların birgə yaşayışı dövlətin proqramı, prinsipi ilə deyil, içdən gələn sosial çağırış sayəsindədir.
İllər ərzində Azərbgaycan xalqının mövcud olması, inkişaf etməsi bu ideologiyaya bağlıdır. Bizi birləşdirən vətən sevgisidir. Azərbaycanda heç bir vətəndaş bir-biri ilə əlaqələri etnik mənsubiyyətinə görə tənzimləmir. Azərbaycanda bütün etnoslara mənsub şəhidlər və qazilər var. Onların hər biri bizim baş tacımızdır.
Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın milli maraqlarına xidmət etməyən hər kəsə eyni dərəcədə mənfi yanaşılır, pis baxılır. Azərbaycançılıq ideologiyası sanki fərqli güllər yetişdirən bağçaya bənzəyir. Azərbaycanın gözəlliyi də məhz bundadır.
İdeologiya zorla tətbiq oluna bilən sistem deyil, hər kəsin içindən gələn sosial çağırışdır. Azərbaycan isə bu çağırışı dövlət səviyyəsində unikal şəkildə həyata keçirir”.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.
www.yenicag.az