Xatirəsi işıq saçan ADAM – Oqtay Əliyevin doğum günüdür
“Ən yadda qalan doğum günüm on yaşımda İrəvanda, şəhərin mərkəzində yerləşən evimizdə olub. İndi həmin ev də yoxdur, o məclisdə iştirak edən adamların bəziləri də. Yadımdadır ki, mənə çoxlu hədiyyələr gətirmişdilər. İki hədiyyəni xüsusilə bəyənmişdim: 7 musiqi səslənən elektron saat və velosiped”.
Düz 8 il əvvəl, 50 illik yubileyində “bu günə qədər olan doğum günlərində ən yadda qalan hədiyyə nə olub?” sualını cavablandırarkən belə demişdi. Və bu cavabla da məni yaxşı mənada təəccübləndirmişdi – 50 yaşında da uşaqlığını içində qoruyub saxlayan bir insanın saf, ülvi duyğularla yaşadığına görə. Axı indiki zəmanədə iç dünyasını kirlətmədən, uşaqlığının başına sığal çəkə-çəkə yaşayan belə insanlar çox az idi…
Söhbət tanınmış prodüser, rejissor, “SOY Production” şirkətinin rəhbəri, yenilikçi layihələri ilə yadda qalan Oqtay Əliyevdən gedir. Hər yaşda içindəki uşağını qoruyub saxlayan, içindəki zarafatcıl, şıltaq, şuluq balaca Oqtayı sona qədər yaşadan Oqtaydan. Bu gün onun doğum günüdür.
Qədim qayım yurd yerimiz olan İrəvanda, Xalq artistləri aktyor Vidadi Əliyev və aktrisa Elmira İsmayılovanın ailəsində dünyaya göz açmışdı. Elə sənətə olan məhəbbəti də onlardan əxz etmişdi.
Oqtay Əliyevin gördüyü işləri, etdiyi layihələri sadalamağa ehtiyac yoxdur. Çünki bunu hər kəs bilir, göz önündədir və görünür. O, həm də gözəl insan idi. Ən çox sevdiyim müsahiblərimdən idi. Maraqlı insan idi, fərqliliyi sevirdi və bunu bildiyim üçün müsahibələrimdə ona fərqli suallar verirdim. Xoşuna gəlirdi və sevə-sevə cavablandırırdı.
O dəhşətli və qəfil xəbəri alanda doğma insanını itirən hər kəs kimi mən də sarsıntı keçirdim. Bu gün də onu xatırlayıram. Mehriban, maraqlı, fərqli bir insan kimi… İnsanlar xatırlanırsa, yaşayır deməkdir. O da xatırlanır, xatirələri diri, xatirələrdən boylanan siması isə işıqlıdır.
Cəvahir













