Yaşayış minimumu DƏYİŞİR – “Bəzi kriteriyalar hətta 1986-cı ildən qalıb”
“Bu məsələ artıq bəlkə də 10-15 ildir ki, gündəmdədir. Biz hər dəfə ictimai çıxışlarımızda vurğulayırdıq ki, Azərbaycanda yaşayış minimumunun hesablanma qaydalarında problemlər var və normativ normalar həddindən artıq köhnədir. Hətta bəzi normalar sovet dövründən qalma qaydalardır. Ərzaq səbəti, kalori norması, geyim standartları ilə bağlı yanaşmalar indiki dövrün reallıqlarına uyğun deyil”.
Bunu Yenicag.az-a açıqlamasında “Respublikaçı Alternativ” Partiyasının (REAL) sədri, iqtisadçı Natiq Cəfərli deyib.
O, bu gün ilk oxunuşda qəbul olunan “Yaşayış minimumu haqqında” qanuna müzakirə edib.
Qeyd edək ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Azərbaycanda minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tibb, təhsil və sosial sahəyə aid müəssisələrdəki şəxslərin qida normalarını müəyyən edəcək.
Prosesi şərh edən iqtisadçı söyləyib ki, əgər yeni qanun layihəsi müasir tələblərə uyğun şəkildə hazırlanacaqsa və vətəndaşların gözləntilərinə cavab verəcəksə, təbii ki, yaşayış minimumunun hesablanma qaydalarının dəyişməsi və artırılması həm minimum əməkhaqqına, həm də minimum pensiyalara təsir göstərəcək:
“Bu halda həmin məbləğlərin də artırılması zəruri olacaq. Çünki qanunvericilikdə belə bir bağlantı mövcuddur. Ona görə də yekun nəticəni gözləmək lazımdır. Amma hər halda bu, pozitiv bir gedişatdır. Çünki illərdir biz bildirirdik ki, Azərbaycanda milli səviyyədə minimum istehlak səbəti ilə bağlı bəzi kriteriyalar hətta 1986-cı ildən qalıb. Hətta elə sahələr var ki, dəyişikliklər o vaxtdan bəri aparılmayıb. Yəni, əgər bu dəyişikliklər həyata keçirilərsə, bunu pozitiv dəyərləndirmək mümkündür”.
Rafi Müslümov