Yaşayış yeri üzrə qeydiyyat məsələsində ANLAŞMAZLIQ: “Dövlət qurumları məsuliyyətsizlik edərək vətəndaşlara…”

“Azərbaycan vətəndaşı ölkənin istənilən kəndində, rayonunda özünə yaşamaq yeri seçə bilər”.

Bu sözləri yaşayış yeri üzrə qeydiyyat məsələsilə bağlı cəmiyyətdə yaranan çaşqınlıq haqda danışan hüquqşünas Vüsal Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qərar İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən nəzərdə tutulub:

“Vətəndaşlar bu qərarın mahiyyətini tam olaraq anlamayıblar. Təəssüf ki, bu gün ölkəmizdə vətəndaşların əksəriyyəti öz hüquqlarını yaxşı bilmir. Vətəndaş öz hüquqlarını bilməsə də, onların hüquqları qorunmalıdır. Bu istiqamət üzrə dövlət tərəfindən müvafiq qurumlar da yaradılıb. Məlum qərarda Daxili İşlər Nazirliyinin müvafiq qurumları vətəndaşlara ətraflı izahat verməlidir ki, vətəndaş prosesin nədən ibarət olduğunu bilsin. Nazirliyin yaydığı ümumi məlumat qanunun boşluğuna yol açır. Qərarda konkret olaraq Bakı şəhərinin adı qeyd olunmayıb. Halbuki vətəndaşlar elə bilirlər ki, Bakıya gələndə məlumat vermədikləri təqdirdə, cərimələnəcəklər. Bəzi vətəndaşlar düşünürlər ki, rayon qeydiyyatında olanları Bakıya buraxmayacaqlar. Bu fikirlər çox absurddur. Dövlət qurumları bu məsələdə məsuliyyətsizlik edərək vətəndaşlara dəqiq informasiya vermir.

Konstitusiyanın 28-ci maddəsinin 3-cü bəndində bildirilir ki, Azərbaycan ərazisində olan hər kəs qanuni şəkildə sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və ölkədən kənara çıxa bilər. Eyni zamanda, istədiyi vaxt ölkəyə qayıda bilər. Bundan başqa, Azərbaycan vətəndaşı ölkənin istənilən kəndində, rayonunda özünə yaşamaq yeri seçə bilər”.

Yeni qərarın mahiyyətini açıqlayan hüquqşünas vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi sırf Bakı şəhəri ilə bağlı deyil:

“Sadə misalla desəm, Bakı şəhərinin Xətai rayonunda yaşayan şəxs qeydiyyatdan çıxaraq Nəsimi rayonuna köçüb və orada yaşayır. O, Nəsimi rayonuna qeydiyyata düşmədikdə vətəndaş havada qalır. Bu halda Daxili İşlər Nazirliyi onunla bağlı informasiyaları toplamaqda ciddi problemlə üzləşir. Vətəndaş hər hansısa cinayət törətdikdə onun axtarılmasının və tapılmasının elektron qaydada həyata keçirilməsində çətinlik yaradır. Ona görə də müvafiq qanunla vətəndaşın yaşayış və qeydiyyat yeri müəyyənləşdirilir. Məlum qərar Azərbaycanın istənilən regionu üçün keçərlidir”.

Qeyd edək ki, yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır. Əgər vətəndaş olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyi pozarsa, bu halda İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur. Belə ki, vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya barəsində 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur.

Gülşən Şərif

COP29