Qəzzaya niyə məhz Azərbaycan sülhməramlıları CƏLB OLUNACAQ?
“Azərbaycanın Qəzza zolağında sülhməramlı kontingent yerləşdirməsi mümkündür”.

Bunu Yenicag.az-a hərbi ekspert Ədalət Verdiyev ABŞ Prezidenti Donald Trampın sülh planı çərçivəsində Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrinin Azərbaycan, İndoneziya və Pakistan hərbçilərindən ibarət olacağı barədə bəyanatına münasibət bildirərkən deyib.
Hərbi ekspert bildirib ki, Azərbaycan ordusunun sülhməramlı kontingenti bir çox ölkələrdə beynəlxalq qüvvələrin tərkibində uğurla iştirak edib:
“Kosova, İraq və Əfqanıstanda hərbçilərimizin fəaliyyəti sülhməramlı kontingentin rəhbərliyi tərəfindən dəfələrlə müsbət qiymətləndirilib. Azərbaycan həm İsrail, həm də Fələstinlə kifayət qədər yaxşı münasibətlərə malikdir. Belə olan halda, Azərbaycanın Qəzza zolağında sülhməramlı kontingent yerləşdirməsi mümkündür. Bu istiqamətdə müsbət qərarın qəbul olunması da gözləniləndir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












