!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə “ssenariləşdirilmiş savaş” VARİANTI: “Bu hücum xaincəsinə planlaşdırılan və...”

!Reklam – Yazi

“HƏMAS-ın bu hücumu olmasaydı, İsrail də buna cavab vermək məcburiyyətində qalmayacaqdı”.

Bu fikirləri İsrail-Fələstin müharibəsinin “ssenariləşdirilmiş plan” olmasına dair yayılan iddialara münasibət bildirən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, heç bir dövlət belə bir “ssenari” hazırlayaraq ağır qətliamı qəbul etməz:

“Terrorçular özləri üçün məqbul bildiyi zaman və imkandan istifadə edərək müəyyən şərait yarandıqda bundan bəhrələnirlər. Uzun müddət idi ki, Qəzza zolağında nisbi sabitlik hökm sürürdü. HƏMAS da bundan yararlanaraq gözlənilməz terror hücumu həyata keçirdi.

İsrail dövləti öz xalqına dəyər verən dövlətlərdən biridir, vətəndaşlarının sosial rifahı və təhlükəsizliyi onun üçün xüsusi əhəmiyyət kəsb edir. İsrailin hərbi-sənaye kompleksi, hava hücumundan müdafiə sistemləri yetərincə güclüdür. Bununla belə, ölkənin kəşfiyyat orqanları xain hücumdan vaxtında xəbərdar olsaydı, belə faciə yaşanmazdı.

Artıq HƏMAS-ın bu hücumu nəticəsində ölənlərin sayı 900-ə çatıb. Yaralananların sayı isə 2600 nəfərdən çoxdur. Hansı dövlət belə bir “ssenari” hazırlayaraq ağır qətliamı qəbul edər? Təbii ki, bu hücum xaincəsinə planlaşdırılan və qəfil həyata keçirilən irimiqyaslı terror aktıdır. İsrail dövlətinin ərazisinə 3 mindən, bəzi məlumatlara görə isə 5 mindən çox raket atılıb.

Təbii olaraq, İsrail tərəfinin buna cavabı gecikmədi və “Dəmir qılınclar” əməliyyatı başladıldı. Bu əməliyyat nəticəsində də yüzlərlə fələstinli həlak olub və yaralanıb. Baş verənlərə görə məsuliyyəti kim daşıyır? Əlbəttə, Fələstin və HƏMAS. Xain hücum olmasaydı, İsrail də buna cavab vermək məcburiyyətində qalmayacaqdı.

Biz terrorun nə olduğunu yaxşı bilirik. İllərlə Ermənistanın və onun Azərbaycanın daxilində yaratdığı separatçı rejimin terroruna məruz qalmışıq. Qarabağda separatçı rejimə son qoyulduqdan sonra bizim üçün Ermənistanın terror təhdidi bitib. Amma bunun hələ də son olmadığı qənaətindəyəm. Fikrimcə, Ermənistanın nə zaman imkanı olsa, təxribatlarını və terror aktlarını davam etdirəcək. Hazırda da sərhəd təxribatlarının şahidi oluruq.

HƏMAS-ın təməl prinsiplərindən də onun terror qruplaşması olduğu görünür. Bu hərəkat İsrail-Fələstin probleminin sülh yolu ilə həll olunmasına qarşıdır. HƏMAS-ın istər siyasi, istərə də hərbi qanadı bütün yəhudiləri düşmən hesab edir. Üstəlik, mülki əhali ilə hərbçilər arasında heç bir fərq qoymur, onların öldürülməsini məqbul sayır. Belə islam olmur. Özünü islam hərəkatı kimi təqdim edən bu birləşmənin törətdikləri cahillik və İslama ləkədir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv