Moskva ilə Qərb arasında təhlükəli eskalasiya: “İnformasiya savaşı hərbi müstəviyə keçir”
Rusiya lideri Putin Moskvaya dronlarla hücum olacağı təqdirdə Avropa ölkələrinin bombalanacağı xəbərdarlığını edib. Mövzu Polşada ciddi narahatlıq doğurub və Rusiyanın mümkün təxribatından qorunmaq müzakirə edilir.
Ümumiyyətlə belə bir ehtimal varmı? Putin Avropa ölkələrini və xüsusilə Polşanı bombardman edə bilərmi?
Bu və digər suallara Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov cavab verib.
O hesab edir ki, bu təhlükə realdır və ciddiyə alınmalıdır:
“Polşa xarici işlər nazirinin Rusiyanın təxribat törədə biləcəyi ilə bağlı açıqlaması Rusiya-Qərb münasibətlərində qarşılıqlı inamsızlığın nə qədər yüksək səviyyəyə çatdığını göstərir. Belə bəyanatlar konkret bir hadisə ehtimalı ilə bağlı deyil. Bu eyni zamanda tərəflərin bir-birinin niyyətlərini necə qiymətləndirdiyini göstərən siyasi mesajlar kimi də dəyərləndirilə bilər.
Məlumat üçün deyim ki, ‘saxta bayraq’ əməliyyatı anlayışı beynəlxalq münasibətlərdə bir tərəfin həyata keçirdiyi və ya həyata keçirilməsi görüntüsü yaratdığı hadisəni başqa bir aktorun üzərinə ataraq siyasi, hərbi və ya ictimai dəstək qazanmağa çalışması kimi izah olunur. Tarixdə bu tip hadisələrdən müharibə və ya hərbi əməliyyatlara bəraət qazandırmaq üçün istifadə edildiyi nümunələr mövcuddur. Buna görə də Sikorskinin narahatlığı daha geniş təhlükəsizlik müzakirəsinin bir hissəsi kimi qəbul oluna bilər.
Burada əsas məsələ ondan ibarətdir ki, Rusiya ilə Qərb arasında informasiya qarşıdurması artıq hərbi qarşıdurma qədər mühüm amilə çevrilib. Tərəflər bir-birinin addımlarını yalnız hərbi deyil, həm də informasiya və siyasi təhlükəsizlik müstəvisində qiymətləndirirlər. Moskva Qərbin Rusiyanı zəiflətməyə çalışdığını bildirir, Qərb ölkələri isə Rusiyanın qonşu dövlətlərə qarşı təzyiq və təsir imkanlarını genişləndirmək istədiyini bəyan edir.
Putinin mümkün dron hücumlarına cavab olaraq Avropa ölkələrinə münasibətdə sərt mesajlar verməsi də məhz bu gərgin fonun bir hissəsi kimi görünür. Burada əsas risk ondan ibarətdir ki, hər hansı insident tərəflər tərəfindən fərqli şərh oluna və eskalasiya üçün səbəbə çevrilə bilər.”
R.Bayramov Qərb ölkələrinin Rusiyanın hücumuna məruz qala biləcəyini və bunun qarşısını almaq üçün həmin ölkələrin müdafiə planı qurduğunu diqqətə çatdırıb:
“Ümumilikdə isə Qərbin narahatlığı da başa düşüləndir. Bu narahatlıq və son dövrdə müdafiə siyasətində daha sərt xəttə keçmə Rusiya-Ukrayna müharibəsindən sonra formalaşan yeni təhlükəsizlik reallıqlarının nəticəsidir. Avropada artıq əsas müzakirə mövzularından biri yalnız Ukraynada davam edən müharibə deyil, daha geniş mənada qitənin gələcək təhlükəsizlik modelidir. Bu baxımdan bəzi Avropa ölkələrinin mümkün Rusiya qarşıdurmasına hazırlıq barədə açıqlamaları daha çox preventiv strategiya kimi qiymətləndirilə bilər.
Düşünürəm ki, hazırkı mərhələdə NATO ilə Rusiya arasında birbaşa genişmiqyaslı hərbi qarşıdurma ehtimalı olduqca aşağıdır. Bunun əsas səbəbi həm Rusiyanın, həm də NATO-nun belə bir münaqişənin nəticələrinin nə qədər təhlükəli ola biləqəyini dərk etməsidir. Xüsusilə nüvə çəkindirməsi amili tərəflərin birbaşa toqquşmadan yayınmasına səbəb olan əsas faktor olaraq qalır.
Lakin risklərin aşağı olması təhlükəsizlik narahatlıqlarının aradan qalxdığı anlamına gəlmir. Əksinə, Avropa ölkələri hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi qitədə uzunmüddətli təhlükəsizlik böhranı yaradıb. Buna görə də müdafiə büdcələrinin artırılması, hərbi ehtiyatların gücləndirilməsi və NATO çərçivəsində birgə hazırlıqların genişləndirilməsi təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. NATO-nun irimiqyaslı təlimləri də məhz qoşunların çevik yerləşdirilməsi və kollektiv müdafiə imkanlarının sınaqdan keçirilməsi məqsədi daşıyır.
Ümumilikdə isə Sikorskinin açıqlaması Rusiya-Qərb münasibətlərində dərinləşən təhlükəsizlik böhranının göstəricisidir və burada əsas məsələ mümkün təxribat ehtimalından daha çox tərəflər arasında etimadın demək olar ki, minimum səviyyəyə enməsi ilə bağlıdır.”
Nurlan Cəfəri













