Yaxın Şərqdəki gərginlik Azərbaycanın aqrar sektoruna necə təsir edəcək? - AÇIQLAMA

media-hightechnic-468x90

Yaxın Şərqdə artan gərginlik və enerji bazarındakı dalğalanmalar kənd təsərrüfatı sektorundan da yan keçmir. Xüsusilə gübrə qiymətlərindəki kəskin artım, qarşıdan gələn yay mövsümündə meyvə-tərəvəz bazarında qiymətlərin yüksələcəyi ehtimalını artırır.

media-banner_tuq

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Yenicag.az-a verdiyi açıqlamada bildirib ki, gübrənin 60 faizə qədər bahalaşması yayda məhsul qiymətlərinin artmasını qaçılmaz edir:

“Gübrə kənd təsərrüfatında ən əsas xərc maddələrindən biridir. Azərbaycan gübrə ehtiyacının böyük hissəsini idxal hesabına ödəyir. Xüsusilə azot gübrələrinin istehsalında təbii qazdan istifadə olunur. Yaxın Şərqdəki gərginlik və ABŞ-İran qarşıdurması qazın qiymətini artırdıqda, gübrə zavodlarının maya dəyəri də avtomatik yüksəlir. Buna daşıma xərcləri, sığorta haqları və Süveyş kanalındakı risklər də əlavə olunduqda qiymət daha da şişir. Bu isə fermerin bir hektar sahəyə çəkdiyi xərcin kəskin artması deməkdir”.

Ekspertin sözlərinə görə, toxum, dərman, dizel yanacağı və suvarma xərcləri artsa da, gübrə ümumi xərclər strukturunda ən böyük paya sahibdir:

“Fermer xərci artdıqca, onu satış qiymətinə əks etdirməyə məcburdur, əks halda ziyanla üzləşər. Yayda bazara məhsul bolluğu çıxsa da, bu il məhsuldarlıq risk altındadır. Ekstremal istilər və su qıtlığı məhsulun həcmini azalda bilər. Təklif az, maya dəyəri isə yüksək olduqda qiymətlər enmir. Əksinə, fermer ötən il 1 manata başa gətirdiyi məhsulu bu il daha baha satmaq məcburiyyətində qalır”.

Akif Nəsirli vurğulayıb ki, gübrə qiymətindəki 60 faizlik artım son məhsulun qiymətinə birbaşa eyni nisbətdə təsir etmir:

“Çünki yekun qiymətə daşıma, anbarlama, vasitəçi payı və market marjası da daxildir. Buna baxmayaraq, gübrə bahalaşması son qiymətlərə 15-25 faizlik əlavə təzyiq yaradır. Gübrədən daha çox asılı olan istixana pomidoru, xiyar, çiyələk və kartof kimi məhsullarda bu artım daha qabarıq hiss olunacaq. Meyvələrdə təsir nisbətən zəif olsa da, ümumi bahalaşma qaçılmazdır”.

Onun fikrincə, adətən yay aylarında yerli məhsulun kütləvi çıxışı qiymətləri aşağı salsa da, bu il vəziyyət fərqli ola bilər:

“Bu il qiymətlərin ya çox zəif enməsi, ya da ümumiyyətlə ucuzlaşmaması ehtimalı yüksəkdir. Fermer məhsulu maya dəyərindən aşağı satmaqda maraqlı deyil. Əgər ixrac bazarı daha sərfəlidirsə, məhsulun bir hissəsi xaricə yönələcək, bu isə daxili bazarda təklifi azaldaraq qiymətləri daha da yüksəldəcək”.

Ekspert hesab edir ki, dövlət müdaxiləsi olmadan vəziyyət ağırlaşa bilər:

“Subsidiya mexanizmləri genişləndirilməsə və ya gübrə idxalı ucuzlaşdırılmasa, fermer bütün maliyyə yükünü alıcının üzərinə qoyacaq. Əvvəlki illərdə verilən subsidiyalar yükü müəyyən qədər azaldırdı, lakin hazırkı qlobal bahalaşma fonunda bu dəstək yetərli deyil. Digər tərəfdən, vasitəçilər və iri market şəbəkələri də öz mənfəət marjalarından imtina etmirlər”.

Yekun olaraq, ekspert qeyd edir ki, yay aylarında meyvə-tərəvəzin ötən illə müqayisədə ucuzlaşması real görünmür:

“Ən yaxşı halda, məhsul bol olarsa, qiymətlər ötən ilki səviyyədə qala bilər. Əks halda, 15-30 faiz arası artım qaçılmazdır. Bu artım mərhələli şəkildə özünü göstərəcək: əvvəlcə topdansatış bazalarında, daha sonra pərakəndə satış nöqtələrində və sonda market rəflərində qiymətlər yüksələcək”.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05