Yayda təndir, qışda buzxana – Bakının köhnə avtobus DƏRDİ
“Avtobuslarda havalandırma və istilik sistemi problemi indi həll edilməsə, bu, illərlə belə də davam edəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.
Ekspert qarşıdan gələn yay aylarında əksər ictimai nəqliyyatda havalandırma sisteminin olmamasının yaratdığı problemlərə toxunub:
“Bildiyimiz kimi, mövsümi əlaqədar olaraq yaz-yay aylarında, xüsusilə də payız-qış mövsümündə istilik sistemi ilə bağlı narahatlıqlar özünü göstərir. Yayda kondisioner olmur, qışda isə havalandırma problemi yaşanır. Ona görə də isitmə sistemləri bərbad halda olur. Bunun yeganə çıxış yolu müasir tələbata uyğun olan yeni “eurobus”ların ölkəyə gətirilməsidir. İstər bugünkü gündə, istər sabah və qarşıdakı günlərdə bu halların yaşanmaması üçün ilk növbədə avtobusların yenilənməsi gündəmdə olmalıdır. Hər bir halda, “növbəti illərdə baxılacaq” kimi fikirlər bu məsələnin çıxış yolu deyil. Müasir avtobusların gətirilməsi tək çıxış yoludur və bildiyiniz kimi, müasir avtobuslar həm də qənaətcil rejimdə çalışır. Köhnə avtobuslar ümumi nəqliyyat faizinə görə ölkə ərazisində təxminən ümumi avtobusların 5-10%-ni əhatə edir. Mərkəzi ərazilərdə bu belə olsa da, paytaxtdan kənarda isə bu göstəricilər daha yüksəkdir”.
A. Əsədov Bakıdan kənar qəsəbələrdə problemin daha böyük miqyasda olduğunu bildirib:
“Bakıətrafı qəsəbələrin nəqliyyat strukturu yenilənir. Bu prosesin başında isə sərnişin daşıma olmalıdır ki, insanlar məcburiyyətdən deyil, istəyərəkdən nəqliyyat vasitələrindən istifadə etsinlər və ictimai nəqliyyatın üstünlüklərindən faydalansın. Əks halda, bugünkü problemlər sabah, sabahkı problemlər də illərlə davam edəcək”.
Nurlan Cəfəri