Yeni enerji körpüsü: Azərbaycan ilə Yaxın Şərq arasında əməkdaşlıq möhkəmlənir
Suriyaya qaz ixracı Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. Deputat Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya verilməsini şərh edərək, bu yeni başlanğıcın Azərbaycan üçün faydaları haqqında danışıb:
“Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Təsadüfi deyil ki, Avropa rəsmiləri də Azərbaycanı Pan-Avropa qaz təchizatçısı adlandırır. Bu vaxta qədər sözümüzün imzamız qədər etibarlı olması tərəfdaşların sayını artıraraq, qaz təchizatımızın coğrafiyasını da genişləndirməkdədir. Burada əsas faktor etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq keyfiyyətidir.”
Deputat son illərdə Azərbaycan qazının dünya ölkələrində geniş istifadə edilməsini təqdir edib və Azərbaycan üçün böyük uğur olduğunu diqqətə çatdırıb:
“Cari ilin əvvəlinə qədər Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılırdı. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. İki gün əvvəl isə Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya çatdı. Bu, artıq yeni ölkə, yeni coğrafiyada strateji, regional nəticələr əldə etmək deməkdir. Suriyaya qaz ixracı ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur.”
“Azərbaycan Respublikası prezidenti İlham Əliyevin atdığı peşəkar addımlar fonunda Azərbaycan qazının alıcısının 14-ə çatması ölkəmizin nüfuzunun artması ilə nəticələnir”, – deyə K. Nurullayeva əlavə edib:
“Beləliklə, Azərbaycan Prezidentinin siyasi iradəsi, uzaqgörən enerji diplomatiyası sayəsində Azərbaycan qazının ixrac olunduğu ölkə sayı 14-ə çatdı. Bir neçə gün əvvəl isə Ukrayna Azərbaycan qazını almağa başladı. Yaxın gələcəkdə ölkə sayının daha da artacağı gözlənilir. Enerji infrastrukturu sıradan çıxmış Suriya uzun sürən müharibədən sonra yeni inkişaf mərhələsinə qədəm qoyur və bu prosesdə Azərbaycan da iştirak edir. Yəni, burada iqtisadi dividendlə yanaşı, humanitar dəstək kimi strateji yanaşmanı görürük. Bu töhfə ölkəmizin etibarlı tərəfdaş imicini daha da yüksəldir, Azərbaycanın qlobal enerji xəritəsindəki nüfuzunu artırır.”
Nurlan Cəfəri