“Müharibə ola bilər, lakin bu müharibə Azərbaycanın öz ərazisində keçirəcəyi antiterror əməliyyatlarından ibarət olacaq”.
Bu fikirləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın yeni müharibə xəbərdarlığı ilə bağlı sözlərinə münasibət bildirən politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.
Politoloq Oskanyan kimi şəxslərin Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətinin zəifləməsini istədiklərini vurğulayıb:
“Buna görə də Oskanyanın fikirləri təsadüfi deyil. Bir sözlə əsas hədəfləri Paşinyan hakimiyyətinin xalq tərəfindən devrilməsidir. Ermənistan çox zəif ölkədir. Nə siyasi, nə də hərbi qarşıdurmada Azərbaycan qarşısında tab gətirə bilər. Bunun 44 günlük Vətən müharibəsində şahidi olduq.
Müharibə ola bilər, lakin bu müharibə Azərbaycanın öz ərazisində keçirəcəyi antiterror əməliyyatlarından ibarət olacaq. Bu zaman ən çox zərəri, təbii ki, Ermənistan və havadarları görəcək. Yaxın günlərdə Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin səsləndirdiyi bəyanatlara diqqət eləsək, müharibə deyil, sülh istədiklərini müşahidə edərik”.
Nəsimi Ələsgərli
www.yenicag.az