Müasir dövrdə yeni dünya nizamının formalaşması beynəlxalq təşkilatlar və ittifaqların əhəmiyyətini daha da artırır. İqtisadi, siyasi və mədəni əlaqələrin gücləndiyi bir şəraitdə ölkələr milli maraqlarını müdafiə etmək və qlobal problemlərə birgə həll tapmaq məqsədilə əməkdaşlıq imkanlarını genişləndirirlər. Bu kontekstdə D-8 (Developing Eight) təşkilatının perspektivləri xüsusi diqqətə layiqdir.
1997-ci ildə iqtisadi əməkdaşlığı artırmaq və üzv ölkələr arasında inkişafı təşviq etmək məqsədilə yaradılmış D-8 Türkiyə, Pakistan, Banqladeş, İran, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələri bir araya gətirir. Təşkilat qlobal ticarət, sənaye, kənd təsərrüfatı, enerji və texnologiya sahələrində əməkdaşlığı təşviq edərək üzv dövlətlərin iqtisadi əlaqələrini gücləndirmək, texnologiya transferini asanlaşdırmaq və inkişaf etməkdə olan ölkələrin beynəlxalq arenada səsini eşitdirmək kimi məqsədlər daşıyır.
Bugünkü dünyada çoxqütblü sistemin formalaşması, qlobal ticarət qaydalarının dəyişməsi və enerji keçidlərinin sürətlənməsi inkişaf etməkdə olan ölkələr üçün həm çağırışlar, həm də yeni imkanlar yaradır. D-8 üzv ölkələrə bu dəyişikliklərə uyğunlaşmaqda və kollektiv güclərini artırmaqda mühüm platforma təqdim edir. Təşkilatın diqqət mərkəzində qlobal ticarətin diversifikasiyası, enerji təhlükəsizliyi, qida təminatının gücləndirilməsi və texnoloji tərəqqinin sürətləndirilməsi kimi sahələr dayanır. Üzv ölkələrin zəngin resurs potensialı və strateji mövqeləri isə D-8-in gücünü artıran amillərdir.
Azərbaycanın D-8-ə üzvlüyü həm ölkəmiz, həm də təşkilat üçün bir sıra strateji üstünlüklər vəd edir. Azərbaycanın zəngin enerji resursları və strateji nəqliyyat dəhlizləri təşkilatın enerji təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verə bilər. Ölkəmizin Avropa və Asiya arasında körpü rolu üzv dövlətlər arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına şərait yaradır. Bundan əlavə, Azərbaycanın qoşulması D-8-in beynəlxalq nüfuzunu artırar və təşkilatın qlobal mövqeyini gücləndirəcək. Azərbaycan isə təşkilatın üzvlüyündən genişmiqyaslı faydalar əldə edə bilər. D-8 çərçivəsində texnologiya transferindən yararlanaraq sənaye və kənd təsərrüfatı sahələrində irəliləyişə nail olmaq, qeyri-neft sektorunu inkişaf etdirmək və yeni bazarlara çıxış əldə etmək mümkün olacaq. Bu üzvlük həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını genişləndirərək, qlobal təsir gücünü artıracaq.
Onu da bildirək ki, Azərbaycan üçün D-8-ə üzvlük mədəni və humanitar sahələrdə də yeni üfüqlər aça bilər. Təşkilat çərçivəsində təhsil və turizm sahələrində əməkdaşlıq, eləcə də mədəniyyətlərin yaxınlaşması, daha geniş əlaqələr qurmaq imkanı yaradacaq. Beləliklə, Azərbaycanın D-8-ə üzvlüyü, qlobal və regional dəyişikliklər fonunda strateji əhəmiyyət kəsb edir. Ölkəmizin tranzit potensialı, enerji resursları və iqtisadi diversifikasiya strategiyaları qarşılıqlı faydalı əməkdaşlıq üçün münbit zəmin yaradır.
Rafi Müslümov
www.yenicag.az