Yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edildi
İyunun 12-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
Yenicag.az xəbər verir ki, komitənin sədri Siyavuş Novruzov iclasda bir məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib.
Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanan bu qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. O bildirib ki, layihədə komitənin profilinə uyğun baxacağı normativ hüquqi aktlarda, əsasən iki istiqamətdə dəyişikliklər təklif olunub. Belə ki, sənəddə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsi təsbit olunub. Həmçinin məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması nəzərdə tutulub.
Sonra qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirədə Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, komitənin üzvləri Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Elşən Musayev, Kamran Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihədəki dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.