Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı elmi tədqiqat mərkəzi yaradılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Proqramda qeyd olunur ki, 2019-2020-ci illərdə yol hərəkətinin təhlükəsizliyinə dair nəzəri-təcrübi məsələlərin sistemli və davamlı şəkildə araşdırılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq ali təhsil müəssisəsinin nəzdində, tərkibində yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi üzrə ekspertlər və elmi tədqiqat qurumlarının nümayəndələrindən ibarət ictimai şuranın fəaliyyət göstərəcəyi müvafiq elmi tədqiqat mərkəzi yaradılacaq.
Bundan başqa, yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi tədqiqat mərkəzinin nəzdində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı innovativ təkliflərdən ibarət ideya bankının yaradılması, yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi sahəsində mütəxəssis hazırlığı məqsədilə maddi-texniki və elmi-metodiki bazaya əsaslanan tədris və təlim prosesinin, peşə hazırlığının təşkili və bu sahədə müvafiq təhsil pillələri üzrə ixtisaslaşmanın təkmilləşdirilməsi, eləcə də yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyəti həyata keçirən əməkdaşların xidmətə qəbul edilməzdən əvvəl və xidmət dövründə vətəndaşlarla etik davranış qaydaları barədə kurslara cəlb edilməsi, etik davranış qaydalarını pozan əməkdaşlar barədə ciddi məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur./Trend/
www.yenicag.az