Yollarda yaranan şəkilli problem…
Mahmud Hacıyev: “Asfalt döşəməyə oyunlarla bağlı şəkil vurulanda yolların infrastrukturu nəzərə alınmalı idi, amma bu baş verməyib və belədə narahatçılıq doğurur”
Bildiyimiz kimi ölkəmizdə keçiriləcək Avropa Oyunlarına görə şəhərdəki bir sıra yollar bağlanıb. Bəzi ərazilərdə isə yolun bir hissəsindən yerli avtomobillərin keçməsi qadağandır. Ora yalnız xarici turistlər üçün nəzərdə tutulub. Bu qaydaları pozanlara qarşı cərimələr tətbiq edilir.
Yenicag.az-a açıqlamasında sabiq polis polkovniki Mahmud Hacıyev oyunlar dönəmində bəzi yolların avtomobillər üçün bağlı olmasını normal hal kimi dəyərləndirdi. Amma bununla belə o da qadağaların tətbiqi fonunda bəzi hallarda infrastrukturun nəzərə alınmaması və belədə yeni-yeni tıxacın və qəza vəziyyətinin yarana biləcəyindən gileyləndi: “Aydın məsələdir ki, Bakı şəhərində sıxlıq Avropa Oyunlarına hazırlıq prosesindən əvvəl də vardı. Oyunlar ərəfəsində sıxlığın olması isə yarışların gedişinə, xarici vətəndaşların gəlməsinə hər halda o qədər də yaxşı təsir etmir. Bu mənada oyunlara görə yolların bağlanılması görülməsi vacib müəyyən tədbirlərdir. Dünyanın hər yerində belədir. Ona görə oyunlar ərəfəsində görülən bu qadağa tədbirlərinə kəskin mövqe bildirmək düzgün deyil. İdman yarışının yüksək səviyyədə keçməsi üçün mütləq qaydada müəyyən tədbirlər olmalıdır. Bu məsələdə oyunlarla bağlı asvalta döşənən şəkillərin üzərindən avtomobillərin keçməsi məsələsinə münasibət bildirmək istərdim. Şəhərdə elə yerlər var ki, sağ tərəfdə asfalta oyunlara həsr olunan şəkil vurulub, hansı ki, maşın üstündən keçərsə 40 manat cərimə olunur, soldan isə maşınlar hərəkət edir. Belədə istər-istəməz həmin şəkillərlə üz-üzə qalanda maşını sola çəkə bilmirsən, bu halda qəza vəziyyəti yaranır. Soldan gələnlər bu zaman sola çəkən maşını gözləmirlər, çünki onlar sağ tərəfdə qarşıda basdalamağın qadağan olduğu şəkil olduğunu bilmirlər. Yəni, demək istəyirəm ki, asfalt döşəməyə şəkil vurulanda yolların infrastrukturu nəzərə alınmalı idi, amma bu baş verməyib. Bu da narahatçılıq doğuran haldır. Ensiz yoldan iki paralel avtomobil hərəkət edir. Birdən qabaqda qarşıya həmin şəkil çıxır. Gənclik metrosundan gedib, Respublika stadionu yanından keçmiş Çapayev küçəsi tərəfə sağa doğru aşağı yol dönür. Oradakı işıqforun yanınnda asvalta şəkil vurublar, sağ tərəfdə də avtomobillər üçün rahat yol var. Amma ondan 40 metr aşağıda vurulan şəkil isə gecələr görünmür. Burada həm də işarə vurulub ki, sola dönmək olar. Lakin sola dönməklə istər-istəməz həmin şəklin üzərindən keçməli olursan. Bunu deməkdə məqsədim odur ki, şəkil vurulubsa, oradakı sola dönməyi göstərən nişan götürülməli idi. Amma bu baş verməyib. Şəkillərin yerə vurulması belədə sürücülər üçün müəyyən dərəcədə narahatlıq yaradır”.
ELÇİN