Havalar soyuduqca və günlər qısaldıqca, kifayət qədər yata bilməyən və ya özünü daim yorğun hiss edən bir çox insan var.
Yenicag.az gündəlik həyata təsir edən yorğunluq problemini həll etmək üçün həkimlərin keyfiyyətli yuxu tövsiyələrini oxucularaq təqdim edir.
“Tez yatsam da, yorğun oyanıram”, “özümü heç yatmamış kimi yorğun hiss edirəm”, “nə qədər yatsam da, tam dincələ bilmirəm” … Bunları yaşayan insanların sayı və buna bənzər problemlər kifayət qədər çoxdur.
Gündəlik həyatı ən səmərəli şəkildə davam etdirmək üçün keyfiyyətli yuxu lazımdır. Belə ki, orqanizmi ertəsi günə hazırlamaq, toksinlərdən təmizləmək, endokrin sistemini tənzimləmək, immun sistemini gücləndirmək, gün ərzində öyrənilən məlumatı seçib yaddaşa yazmaq çox vacibdir.
Səhiyyə Elmləri Universiteti Nevrologiya Bölümü Müəllim Prof. Dr. Füsun Mayda Domaç ideal yuxu ilə bağlı bir sıra tövsiyyələr edib.
Yuxu vaxtı hamı üçün eynidirmi?
“Yuxu üçün yatmaq vaxtı, ideal yuxu vaxtı, yuxuya getmək vaxtı və səhər oyanma həddi insandan insana dəyişir. İnsanın gecə boyu fasiləsiz yatdığı və səhər dincəlmiş oyandığı, özünü gümrah hiss etdiyi, gün ərzində heç bir yuxusuzluq olmadan bütün zehni və fiziki işlərini görməsinə imkan verdiyi dövrə “ideal yuxu vaxtı” deyilir. Cəmiyyətin 85 faizi üçün ideal yuxu müddəti 6-8 saat arasında olduğu halda, 15 faizi 6 saatdan az və ya 8 saatdan çox yatır”.
Yuxu keyfiyyətinin pis olduğunu necə başa düşmək olar?
“Yataqda həddindən artıq vaxt keçirmək insanın yuxu keyfiyyətinin yaxşı olması və onu günə hazırlamaq üçün istirahət təmin edəcək bir yuxuya sahib olması demək deyil. Keyfiyyətsiz yuxuya səbəb olan bir çox amillər var. Bunlar belə sıralanır:
Yuxuya gedə bilməmək və ya gecə tez-tez oyanmaq, yuxuya davam edə bilməmək, gün ərzində yuxululuğun davam etməsi, yatıb çox tez və ya gec oyanmaq, yuxu zamanı yuxunun pozulması, səhər dincəlmiş oyanmamaq, səhər oyanarkən baş ağrısı hiss etmək, zehni funksiyalarda çətinlik çəkmək kimi şikayətlərlə müşayiət olunursa, gün ərzində diqqətin azalması, iş və məktəb performansının azalması yuxu problemlərinə işarə edə bilər”.
Mövsümi dəyişikliklər yuxu rejiminə necə təsir edir?
“Soyuq hava və qısa günlər yuxu hormonu adlanan melatonin və xoşbəxtlik hormonu adlanan serotonin istehsalına təsir göstərir. Nəticədə yuxu problemləri, yorğunluq, motivasiyanın azalması və bədbəxtlik yarana bilər. Mövsümi keçiddən daha az təsirlənmək üçün yuxu rejiminə diqqət yetirmək, sağlam qidalanmaq, gün işığından yararlanmaq, immun sistemini güclü saxlamaq lazımdır”.
Yüngül yeməklərə üstünlük verilməlidir
“Yemək axşam yatmazdan ən azı 3-4 saat əvvəl yeyilməlidir. Yağlı, qızardılmış və ədviyyatlı yeməklərdən və yüksək glisemik indeksi olan karbohidratlardan qaçmaq lazımdır. Tərkibində kofein olan çay, qəhvə və kola istehlakı gün ərzində məhdudlaşdırılmalı, axşam saatlarında isə içilməməlidir”.
Gün ərzində lazımi miqdarda su içilməlidir
“Kifayət qədər su içməmək yuxuya da mənfi təsir edir. Gün ərzində 2-3 litr maye qəbul etmək maddələr mübadiləsi üçün çox faydalıdır. Ancaq yatmazdan əvvəl həddindən artıq maye qəbulu gecə tez-tez tualetə getməyə səbəb olur, tez-tez oyanmalara səbəb olur və yuxu keyfiyyətini pozur. Bu səbəbdən yatmazdan 2 saat əvvəl maye qəbulunu dayandırmaq lazımdır. Yuxuya yaxın spirt istehlak edildikdə, tez-tez oyanmalar və yuxu pozulmaları baş verir.”
Nəsimi Ələsgərli
www.yenicag.az